ABŞ Prezidenti Donald Trampın dünya mətbuatında bomba effekti yaradan 2025-ci il üzrə rəsmi maliyyə hesabatı açıqlanıb.
"AzPolitika" xəbər verir ki, ABŞ Rəsmi Etika Ofisi tərəfindən dərc edilən 927 səhifəlik irihəcmli sənəd, prezidentin Ağ Ev kürsüsünə qayıtdıqdan sonra şəxsi sərvətini necə fantastik sürətlə artırdığını ortaya çıxarıb.
Rəsmi bəyanata əsasən, Tramp ötən il minimum 2.4 milyard dollar dəyərində aktivə sahib olub və onun illik xalis gəliri 2.2 milyard dolları ötüb. Müqayisə üçün qeyd edək ki, onun əvvəlki illərdəki gəlirləri orta hesabla 600 milyon dollar civarında dəyişirdi.
Nüfuzlu "Forbes" jurnalı da bu hesabatdan dərhal sonra məlumat yayaraq, Trampın ümumi xalis sərvətinin 2.3 milyard dollardan 6 milyard dollara yüksəldiyini təsdiqləyib.
İnsayder ticarəti şübhəsi: Ağ Evin qərarlarından əvvəl milyonluq səhm alışları
Hesabatda ABŞ-da ən böyük siyasi və hüquqi skandala yol açan məqam Trampın adından aparılan gizli birja əməliyyatlarıdır. Sənəddən məlum olur ki, prezident 2025-ci ildə 21 mindən çox səhm əməliyyatı icra edib. Bu, gündəlik orta hesabla 80-dən çox ticarət əməliyyatı deməkdir.
Ekspertləri və müxalifəti dəhşətə salan məqam isə bu alış-satışların Ağ Evin qəbul etdiyi strateji iqtisadi qərarlarla günbəgün üst-üstə düşməsidir:
"Nvidia" əməliyyatı: 18 avqust tarixində Trampın şəxsi investisiya hesabından dünya çip nəhəngi "Nvidia"nın 5 milyon dollarla 25 million dollar arasında dəyişən həcmdə səhmləri alınıb. Bu gizli alışdan cəmi bir həftə əvvəl isə ABŞ Prezidenti Ağ Evdə keçirdiyi qapalı brifinqdə bəyan etmişdi ki, Vaşinqton bu şirkətin Çinə mikrosxem satmasına (gəlirin 15%-nin dövlət büdcəsinə keçməsi şərtilə) icazə verə bilər. Bu bəyanatdan sonra şirkət səhmləri rekord qırıb və Tramp ailəsi milyonlar qazanıb.
"Intel" əməliyyatı: Yenə eyni tarixdə – avqustun 18-də prezidentin portfelinə böyük miqdarda "Intel" səhmləri əlavə edilib. Bu əməliyyatın ardınca isə Ağ Ev "Intel" şirkətinin 10 faizlik səhminin birbaşa dövlət tərəfindən satın alınacağını elan edib. Dövlət dəstəyi xəbəri ilə "Intel" birjada kəskin bahalaşıb.
Kriptovalyuta bumundan gələn milyard
Trampın illərdir tanınan daşınmaz əmlak imperiyası - hotellər, qolf klubları və göydələnlər, bu dəfə rəqəmsal biznesin kölgəsində qalıb. Prezident və ailəsi yeni texnologiyalardan maksimum yararlanıb:
Kripto layihələri: Tramp ötən il rəqəmsal aktivlər və kriptovalyuta sahəsindən bütövlükdə 1.435 milyard dollar gəlir götürüb.
"World Liberty Financial" (WLF): Trampın oğulları tərəfindən idarə olunan bu səs-küylü kripto platformasından prezident təkcə token satışları vasitəsilə 526 milyon dollar xalis mənfəət əldə edib. 2024-cü ildə bu rəqəm cəmi 57 milyon dollar idi.
"$TRUMP" memecoin layihəsi: Öz adının lisenziya hüququnu rəqəmsal valyuta brendinə satan Tramp, bu müqavilədən 635 milyon dollar birbaşa qonorar əldə edib.
Şərq ölkələrindən gələn milyonlar
Trampın brend adı və xarici layihələri dünyanın müxtəlif nöqtələrindən, xüsusən də Yaxın Şərqdən Ağ Evə milyonlar daşımaqda davam edir. Təkcə xarici ölkələrdəki tikinti və lisenziya müqavilələrindən gələn vəsait 58 milyon dolları ötüb:
Dubay layihələri: 11.7 milyon dollar
Əbu-Dabi müqavilələri: 10 milyon dollar
Səudiyyə Ərəbistanı: 9.2 milyon dollar
Qətər (Doha): 5.25 milyon dollar
ABŞ daxilindəki mülkləri də öz gəlir rekordunu yeniləyib. Floridadakı məşhur "Mar-a-Lago" rezidensiyası Trampa 77.5 milyon dollar, Nyu-Yorkdakı "Trump Tower" göydələni isə 5 milyon dollardan çox kommersiya icarə haqqı qazandırıb.
Daha bir maraqlı rəqəm isə məhkəmə təzminatları ilə bağlıdır. Trampın böyük media və texnologiya nəhəngləri (ABC, CBS, YouTube, Meta və X platforması) ilə apardığı 5 fərqli məhkəmə çəkişməsinin qapalı barışıq sazişləri ilə bitməsi nəticəsində prezidentin hesabına ümumilikdə 86.5 milyon dollar təzminat ödənilib.
"Xalq inflyasiya ilə boğulur, Tramp Ağ Evdən qazanır"
927 səhifəlik bu maliyyə sənədi ABŞ Konqresində dərhal siyasi müharibəyə səbəb olub.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin müxalifətdə olan demokrat üzvləri geniş bəyanat yayaraq prezidenti və ailəsini kəskin ittiham ediblər: "Sıravi amerikalılar inflyasiya, ərzaq bahalığı və yüksək kirayə haqları altında əzilərkən, prezident dövlətin rıçaqlarından və Ağ Evin insayder məlumatlarından istifadə edərək öz şəxsi imperiyasını zənginləşdirir. Onun kripto layihələrinə və 'memecoin'lərinə inanıb pul yatıran minlərlə kiçik investor müflis olduğu halda, Tramp öz milyonlarını rəsmi şəkildə sığortalayıb. Bu, maraqlar toqquşmasının ən pik nöqtəsidir".
Prezidentin ailə şirkəti olan "The Trump Organization"un sözçüsü isə ittihamları tamamilə rədd edib. O bildirib ki, bu hesabat Tramp ailəsinin dünya səviyyəli unikal aktivlərə, sarsılmaz maliyyə balansına sahib olmasının və biznes dühasının növbəti rəsmi sübutudur.
Mövzu həm ABŞ daxili siyasətində, həm də qlobal bazarlarda hələ uzun müddət 1 nömrəli müzakirə mövzusu olacağını göstərir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər