“Azərbaycan polisi dövlətçiliyimizin dayağıdır, xalqımızın təhlükəsizliyinin təminatçısıdır.”

Ulu Öndər Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin polis haqqında söylədiyi dəyərli fikirlərdən birində qeyd olunur: "Azərbaycan polisi dövlətçiliyimizin əsas dayaqlarından biridir və öz peşəkarlığı, fədakarlığı ilə xalqın etimadını qazanıb."

Azərbaycan dövlətçiliyinin mühüm sütunlarından olan polis orqanları artıq 108 ilə yaxındır ki, xalqın təhlükəsizliyinin, ictimai asayişin və qanunçuluğun keşiyində dayanır. Hər il 2 iyul tarixinin Polis Günü kimi qeyd olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının və ictimai ehtiramın bariz ifadəsidir.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Polis Orqanlarının yaradılması haqqında qəbul etdiyi qərarla ölkəmizdə müasir hüquq-mühafizə sisteminin əsası qoyuldu. Cümhuriyyət qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, dövlət idarəçiliyinin səmərəli təşkili məqsədilə daxili təhlükəsizlik sistemini formalaşdırdı və bununla da müasir Azərbaycan polisinin təməlini yaratdı.

Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, separatçılıq meylləri, cinayətkarlığın artması, Ermənistanın işğalçılıq siyasəti və hərbi təcavüzü daxili işlər orqanlarının qarşısında olduqca çətin vəzifələr qoymuşdu. Polis əməkdaşları dövlət müstəqilliyinin qorunması, ictimai sabitliyin təmin edilməsi və hüquq qaydasının bərpası uğrunda mübarizədə əsl vətənpərvərlik nümunəsi göstərərək böyük əzmkarlıq, cəsarət və şücaət nümayiş etdirdilər.

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə cinayətkarlığa qarşı mübarizəni müasir metodlar əsasında həyata keçirir. Nazirliyin aidiyyəti qurumları tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz silah əldə etmə və saxlama hallarına, kibercinayətkarlığa, eləcə də digər mütəşəkkil cinayətkar dəstələrə qarşı ardıcıl əməliyyat tədbirləri görülür. Cinayətlərin qarşısının alınması və açılması sahəsində əldə olunan nəticələr ölkədə sabitliyin möhkəmləndirilməsinə və kriminogen vəziyyətin nəzarətdə saxlanılmasına xidmət edir.

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni istiqamətlər formalaşdırmışdır. Elektron xidmətlərin tətbiqi, rəqəmsal nəzarət sistemlərinin genişləndirilməsi, kibercinayətkarlığa qarşı xüsusi mübarizə mexanizmlərinin yaradılması Daxili İşlər Nazirliyinin fəaliyyətinin səmərəliliyini artırmaqla yanaşı, vətəndaş məmnunluğunun yüksəlməsinə də mühüm töhfə verir.

Azərbaycan polisi ictimai asayişin təmin edilməsində də mühüm rol oynayır. Bakının beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərə uğurla ev sahibliyi etməsi və onların təhlükəsiz keçirilməsi, yol hərəkətinin tənzimlənməsi, vətəndaş müraciətlərinə operativ baxılması, fövqəladə hallara çevik reaksiya verilməsi polis əməkdaşlarının gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Ölkənin sabit və təhlükəsiz dövlət kimi beynəlxalq nüfuzunun qorunmasında polis əməkdaşlarının xidməti xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda vətəndaş təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması COP29 və WUF-13 kimi nüfuzlu beynəlxalq tədbirlərin uğurla keçirilməsi üçün etibarlı zəmin yaratmışdır.

Qanunun aliliyinə, vətəndaşların hüquq və azadlıqlarına hörmət, cinayətkarlığa qarşı qətiyyətli mübarizə Azərbaycan polisinin fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Məhz buna görə də polis xalqın təhlükəsizliyinin, sabitliyin və ictimai asayişin etibarlı təminatçılarından biri hesab olunur.

Son illərdə ölkədə kriminogen vəziyyətin sabit saxlanılması, cinayətlərin qarşısının alınması və açılma faizinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rəsmi məlumatlara görə, 2025-ci ildə ölkə üzrə 31 min 852 cinayət qeydə alınmışdır. Bu göstərici 2024-cü illə müqayisədə 6,2 faiz azdır. Həmin cinayətlərin 90,5 faizinin açılması təmin edilmiş, daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan cinayətlərin isə 93,5 faizi açılmışdır. Bu göstəricilər hüquq-mühafizə orqanlarının operativ fəaliyyətinin yüksək səmərəliliyini və ölkədə ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu təsdiq edir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 300-ə yaxın kriminal qrup zərərsizləşdirilmiş, mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 600 nəfər saxlanılmışdır. Bu tədbirlər cinayətkar qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması və ictimai təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kibercinayətkarlıq və informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqpozmalara qarşı mübarizə də diqqət mərkəzində olmuşdur. Daxili İşlər Nazirliyi rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə əməliyyat-axtarış fəaliyyətini daha da təkmilləşdirmiş, vətəndaşların internet məkanında təhlükəsizliyinin təmin olunması istiqamətində yeni mexanizmlər tətbiq etmişdir.

Polis peşəsi ən vacib və məsuliyyətli peşələrdən biridir. Cinayətkarlıqla mübarizə aparmaq, ictimai asayişi, vətəndaşların həyatını, hüquq və azadlıqlarını qorumaq hər bir polis əməkdaşından yüksək peşəkarlıq, cəsarət, dəmir intizam və qüsursuz şəxsi keyfiyyətlər tələb edir.

Polis veteranları da xidmətin ən gözəl ənənələrini qoruyub saxlamış, onları yaşatmış və gələcək nəsillərə ötürmüşlər.

2 İyul – Polis Günü münasibətilə daxili işlər orqanlarının bütün əməkdaşlarını, veteranlarını və bu şərəfli peşəyə ömrünü həsr etmiş bütün polis işçilərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və yeni xidmət uğurları arzulayırıq. Dövlətə və xalqa sədaqətlə xidmət edən Azərbaycan polisinə ölkəmizdə təhlükəsizliyin, sabitliyin və qanunun aliliyinin təmin olunması kimi məsuliyyətli missiyanı bundan sonra da layiqincə davam etdirməsində yeni-yeni nailiyyətlər diləyirik.

Şəmsəddin Əliyev

"Polisə Dəstək" İctimai Birliyinin sədri,
Daxili İşlər Orqanlarının və I Qarabağ müharibəsinin veteranı