İtaliyanın Abruzzo bölgəsində yerləşən Santo Stefano di Sessanio kəndi əhali sayının azalmasının qarşısını almaq üçün yeni təşviq proqramına başlayıb. Proqram çərçivəsində kəndə köçərək biznes quracaq şəxslərə ümumilikdə təxminən 44 min avro (75 min manat) maliyyə dəstəyi göstəriləcək.
Cəmi 115 nəfərin yaşadığı kənddə məskunlaşacaq iştirakçılara üç il ərzində hər il 8 min avroya (13,5 min manat) qədər maliyyə yardımı ayrılacaq. Bundan əlavə, kəndin iqtisadi həyatına töhfə verəcək biznes quran şəxslər 20 min avro (34 min manat) birdəfəlik qrant ala biləcəklər.
İştirakçılar həmçinin bələdiyyənin təqdim etdiyi aşağı kirayə haqqına malik mənzillərdən də yararlana biləcəklər.
Proqrama müraciət etmək istəyənlərin 18-40 yaş arasında olması, Avropa İttifaqında yaşamaq icazəsinə malik olması və kənddə ən azı 5 il yaşamağı öhdəsinə götürməsi tələb olunur.
İlkin mərhələdə cəmi 10 nəfər üçün nəzərdə tutulan proqram böyük maraq doğurub. Dünyanın müxtəlif ölkələrindən təxminən 1500 nəfər müraciət edib.
Yerli hakimiyyət bildirir ki, layihənin əsas məqsədi tarixi kəndi yaşatmaq, gəncləri bölgəyə cəlb etmək və yerli iqtisadiyyatı yenidən canlandırmaqdır.
"AzPolitika.info"

Şərhlər