Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifələrə hələ də yeni təyinatlar həyata keçirilməyib.

Belə ki, hazırda Ali Məclisin sədri, bir neçə nazir, dövlət xidmətlərinin rəhbərləri, Naxçıvan Televiziyasının sədri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələri vakant olaraq qalır. Bu postların əksəriyyətində səlahiyyətlər müvəqqəti icraçılar tərəfindən yerinə yetirilir.

Qedy edək ki, Ən uzun müddətdir boş qalan vəzifələrdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postudur. Vasif Talıbovun 2022-ci il dekabrın 21-də istefa verməsindən sonra bu vəzifəyə yeni təyinat olmayıb. Hazırda Ali Məclis sədrinin səlahiyyətlərini birinci müavin Bəxtiyar Məmmədov icra edir.

Muxtar respublikanın Ədliyyə Nazirliyində də rəhbər dəyişikliyindən sonra yeni nazir təyin edilməyib. Daşqın Rəhimov 2023-cü ilin oktyabrında vəzifəsindən azad olunub. Hazırda nazirin səlahiyyətlərini müavini Hüseyn Səfərov yerinə yetirir.

Mədəniyyət Nazirliyində də oxşar vəziyyət hökm sürür. Natəvan Qədimovanın 2023-cü ilin mayında vəzifədən uzaqlaşdırılmasından sonra nazir vəzifəsinin icrası müvəqqəti olaraq nazir müavini Həsən Seyidova həvalə edilib.

Səhiyyə Nazirliyində isə son rəhbər dəyişikliyi 2025-ci ilin dekabrında baş verib. Samiq Sadıxov vəzifəsindən azad edildikdən sonra nazir səlahiyyətlərini müvəqqəti olaraq nazir müavini Rəşadət Nabatov həyata keçirir.

Rəqəmsal inkişaf və nəqliyyat sahəsində də rəhbər postu vakantdır. Keçmiş rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev 2023-cü ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb. Sonrakı dövrdə bu səlahiyyətlər əvvəlcə Rahid Ələkbərliyə, onun vəzifədən ayrılmasından sonra isə Azər Məmmədrəhimova həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində də rəhbər vəzifəsi boşdur. Xidmətin sabiq rəisi Cavid Kəngərli 2025-ci ilin fevralında işdən çıxarılıb. Hazırda quruma rəis müavini Tural Abdulzadə rəhbərlik edir.

Əmlak Məsələləri Dövlət Xidmətində də daimi rəhbər təyin olunmayıb. Bu il mayın 8-də Nurlan Fətəliyev xidmətin rəis müavini və rəis vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.

Vakant qalan vəzifələr sırasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri postu da var. Sahil Tahirli 2025-ci ilin iyununda vəzifəsindən azad edilib. Hazırda quruma müvəqqəti olaraq jurnalist İlhamə Novruzova rəhbərlik edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə də hələlik yeni təyinat verilməyib. Cabbar Musayev bu ilin fevralında Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunduqdan sonra şəhər icra başçısı vəzifəsindən azad edilib. Hazırda icra hakimiyyətinin fəaliyyətinə başçının birinci müavini Əhməd Vəliyev rəhbərlik edir.

Beləliklə, Naxçıvan Muxtar Respublikasında bir sıra mühüm dövlət qurumları uzun müddətdir daimi rəhbər olmadan fəaliyyət göstərir və onların idarəçiliyi müvəqqəti təyin olunmuş şəxslər tərəfindən həyata keçirilir.

Bəs maraqlıdır, bu vəzifələrin boş qalmasının səbəbi nədir?


ReAL Partiyasının sədri Natiq Cəfərli “AzPolitika”ya şərhində bunu Naxçıvan Muxtar Respublikasında son illərdə həyata keçirilən institusional və hüquqi islahatlarla əlaqələndirib.

Onun sözlərinə görə, Naxçıvanın statusu ilə bağlı həm de-fakto, həm də de-yure mühüm dəyişikliklər baş verib. İdarəetmə modeli yenilənib, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi institutu yaradılıb, həmçinin muxtar respublikanın Konstitusiyasına dəyişikliklər edilib. Bütün bunlar idarəetmə sisteminin istiqamətlərini əhəmiyyətli dərəcədə dəyişib.

Partiya sədri hesab edir ki, aparılan islahatların tam şəkildə formalaşması və yeni idarəetmə modelinin bütün elementlərinin öz yerini tutması üçün müəyyən zamana ehtiyac var.

Onun fikrincə, hazırda bəzi yüksək vəzifələrin vakant qalması da məhz bu keçid dövrünün və aparılan struktur dəyişikliklərinin təbii nəticəsi kimi qiymətləndirilməlidir: “Faktiki olaraq Naxçıvan Muxtar Respublikasının həm hüquqi statusunda, həm idarəetmə sistemində, həm də Konstitusiyasında ciddi dəyişikliklər həyata keçirilib və hazırkı vəziyyət həmin dəyişikliklərin praktik müstəvidə özünü göstərməsinin təzahürüdür”.

E. Bəyməmmədli

“AzPolitika.info”