Yekaterinburqda Rusiya Baş naziri Mixail Mişustinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sverdlovsk vilayətinə işgüzar səfər edən Mixail Mişustin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin hökumət başçılarının iştirak edəcəyi "İnnoprom" beynəlxalq sənaye sərgisi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. Həmin görüşlərdən biri Ermənistanın Baş naziri Nikol Paşinyanla olacaq.

Mişustinin, həmçinin Belarusun Baş naziri Aleksandr Turçin və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev ilə də ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.

Qeyd edilib ki, Mixail Mişustinlə Nikol Paşinyan arasında son telefon danışığı iyulun əvvəlində Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Onların sonuncu üzbəüz görüşü isə 2025-ci ilin yayında Altayda keçirilən Beynəlxalq Ekologiya Konfransı çərçivəsində olub.