Ötən gecə Rusiya qüvvələri Kiyevə növbəti kütləvi raket və PUA zərbəsi endirib. Bu, son bir həftə ərzində ikinci belə hücumdur. 

“AzPolitika xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sosial mediada yayımlanan məlumatına görə, hücum nəticəsində 10 nəfər ölüb, beş uşaq da daxil olmaqla 46 nəfər yaralanıb. "Təəssüf ki, bu, son məlumat deyil. Xilasetmə işləri davam edir", - Tkaçenko “Telegram”-da yazıb.

Hədəf şəhər daxilində çoxmərtəbəli yaşayış binaları olub. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DFX) məlumatına görə, ən azı 15 yaşayış binası dağılıb və ya zədələnib. Xüsusilə, Podolski rayonunda doqquzmərtəbəli bina doqquzuncu mərtəbədən beşinci mərtəbəyə qədər dağılıb, dağıntılar altında insanlar qalıb. 21 mərtəbəli bina da beşinci mərtəbədən ikinci mərtəbəyə qədər dağılıb. Bundan əlavə, Darnitski rayonunda 25 və 30 mərtəbəli yaşayış binalarında zərbələr nəticəsində yanğınlar baş verib. Yanğınların söndürülməsi və dağıntılar altındakı insanların axtarışı davam edir.

Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin sözlərinə görə, Kiyev vilayəti də zərbə alıb və Buça rayonunda Rusiyanın hücumu zamanı bir nəfər ölüb, on nəfər müxtəlif dərəcələrdə yaralanıb. Onun sözlərinə görə, Buça, Vışqorod və Brovarski rayonlarında şəxsi evlər, müəssisələr və digər mülki infrastruktur obyektləri zədələnib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya qüvvələri Kiyevə "Kiyev rejiminin Rusiya ərazisindəki mülki infrastrukturlara terror hücumlarına cavab olaraq" zərbə endirib. Müdafiə Nazirliyinin məlumatına görə, hücumun hədəfləri Kiyev və Kiyev vilayətindəki "hərbi sənaye müəssisələri, yanacaq-enerji obyektləri", eləcə də Dnepropetrovsk, Poltava, Çerkası, Çerniqov və Kiyev bölgələrindəki hərbi aerodrom infrastrukturu olub. Ancaq göründüyü kimi, dağılan əsasən yaşayış binaları, ölən və yaralanansa mülki əhalidir.

Bundan əvvəl Rusiya ordusu iyulun 2-də Ukrayna paytaxtına kütləvi raket və pilotsuz təyyarə hücumu həyata keçirmişdi. Yaşayış binalarına endirilən zərbələr nəticəsində 31 nəfər ölmüş, 102 nəfər yaralanmışdı. Kiyevdə matəm elan edilmişdi.

Qeyd edək ki, ötən gecə baş verən hücula bağlı Prezident Volodimir Zelenski əhaliyə xəbərdarlıq etmiş, insanları sığınacaqlarda qalmağa çağırmışdı.

“AzPolitika.info”