"Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr fonunda Kremlin qarşılaşacağı əsas təhlükə daxildən yox, məhz Qərbdən gələ bilər. Çünki yanan Rusiya mənzərəsi Avropa elitasında Putini bax, indi və burada məğlub etməyin mümkünlüyünə inam yaradıb".
"AzPolitika" xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq, London Universitet Kollecinin professoru Vladimir Pastuxov bildirib.
Kremlin rəhbəri üçün real risk faktorlarını təhlil edən ekspert hesab edir ki, hazırda Rusiya daxilində hər hansı ciddi xalq üsyanı və ya elita daxili saray çevrilişi ehtimalı olduqca aşağıdır: "Putinin əsas riskləri nədədir? Rus xalqının səbrinin tükənib amansız bir üsyan qaldırmasındamı?
Hələlik buna heç nə işarə etmir. Xalq öz dəfn pullarından möhkəm yapışıb.
Qorxu içində olan elitaların saray çevrilişi etməsində?
Qorxaq rus elitaları tabakerkadan (çevriliş alətindən) çox, Faberje yumurtaları almağa və onları təhlükəsiz yerdə saxlamağa üstünlük verirlər. Hətta həmin sərvətlər əllərindən alınanda belə, oniər itaətkarcasına çarın gözlərinin içinə baxırlar".
Əsl təhlükə haradadır?
V. Pastuxov qeyd edir ki, nə qədər bombardmanlar olsa da, şərti Reyxstaq üzərində qələbə bayrağı dalğalanmayınca, rejimin daxildən süqutuna ümid etmək real deyil. Ukrayna ordusunun Moskvaya yürüş etməsinə isə hələ çox var. Lakin bu, Putin üçün heç bir təhlükənin olmadığı anlamına gəlmir. Politoloqun fikrincə, əsas risk coğrafiyası Rusiyanın özü yox, Avropadır:
Tarix boyu Avropada Rusiyanı ekzistensial təhlükə hesab edən güclü bir anti-Rusiya partiyası olub. Rusiyanın Ukraynaya təcavüzü bu qüvvənin siyasi çəkisini artırdı. Moskvaya strateji məğlubiyyət yaşatmaq ideyası Putinin paranoyası deyil, Qərbdəki müəyyən dairələrin real hədəfidir. Lakin indiyə qədər onların qarşısında kompromis tərəfdarı olan strateji çəkindirmə qüvvələri dayanırdı.
Safari başlayır: Zelenskinin taktikası işə yarayır
Ekspert vurğulayır ki, Ukraynanın son hərbi uğurları və Rusiya daxilinə zərbələr Qərbdəki qüvvələr balansını tamamilə strateji məğlubiyyət tərəfdarlarının xeyrinə dəyişib. Yanan Rusiya mənzərəsi Avropa isteblişmentinə qeyri-mümkün görünənin mümkün ola biləcəyinə yenidən inam qaytarıb.
Pastuxovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ritorikası da məhz bu amilə hesablanıb:
Zelenskinin ritorikası nə Putinə, nə də daxili auditoriyaya yönəlib. O, birbaşa Qərb siyasətçilərinə xitab edir, Putinə təzyiq üçün imkanlar pəncərəsinin açıldığını göstərməyə çalışır və onları canavar ovuna dəvət edir. Bu strategiya müəyyən uğur qazanır. Qan qoxusu avropalıları Zelenski layihəsinə daha çox sərmayə qoymağa sövq edir. Hətta Donald Tramp belə artıq Zelenskinin yox, Putinin əlindəki kartları saymağa başlayıb. Bu safariya biletlər böyük tələbat görür.
Politoloq sonda xəbərdarlıq edir ki, Qərb üçün bu ov mövsümü həddindən artıq uzanmamalıdır. Çünki qışda rus meşəsindən fərqli və daha aqressiv amillər çıxa bilər ki, bu da oyunun qaydalarını gözlənilmez şəkildə dəyişdirər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər