Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət blokları ölkənin yeni çağırış Milli Assambleyasındakı mandatlarını götürmək qərarına gəliblər.
"AzPolitika" erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” ittifaqı və milyarder iş adamı Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” bloku parlament fəaliyyətinə başlayacaqlarını bəyan ediblər.
Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" ittifaqının yaydığı rəsmi bəyanatda bildirilir ki, deputat statusu onlar üçün sadəcə bir vəzifə və ya rahatlıq deyil, hakimiyyətə qarşı mübarizədə əlavə hüquqi-siyasi alətdir:“Bizim üçün deputat statusu vəzifə və ya rahatlıq deyil. Bu, əlavə hüquqi və siyasi alətlər toplusu, hakimiyyətə qarşı hər gün müqavimət göstərmək imkanıdır. Hesab edirik ki, qarşıda duran ağır mübarizədə hakimiyyətin dövlət əleyhinə proqramlarına qarşı durmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə borcluyuq. Mandat bir silahdır və ondan könüllü imtina etmək dövlətimiz və seçicilərimiz qarşısında məsuliyyətsizlik olardı”.
Milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da mandatları götürəcəyini elan edib. Blokun şura üzvü Narek Karapetyan qeyd edib ki, ölkədə ciddi dəyişikliklərə nail olmaq üçün həm parlament daxilində güclü təmsilçilik, həm də küçə mübarizəsi sintez olunmalıdır: “Dəyişiklik üçün iki mühüm amil lazımdır: küçə mübarizəsi və parlamentdə müxalifətin böyük fəallığı. Bu birləşmə böyük dəyişikliklərə yol açacaq. Dəyişiklik imkanını yaxın gördüyümüz an insanları küçələrə çağıracağıq. Siyasi qüvvəmizin mandatları götürməsi və parlamentdə təmsil olunması ən doğru addımdır ki, sabah bu komanda küçə mübarizəsinə də dəstək verə bilsin”.
İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Ermənistanın 9-cu çağırış Milli Məclisində yerlər növbəti şəkildə bölünüb:
“Mülki Müqavilə” Partiyası (Nikol Paşinyan) – 64 mandat
“Güclü Ermənistan” Bloku (Samvel Karapetyan) – 29 mandat
“Ermənistan” İttifaqı (Robert Koçaryan) – 12 mandat
Bu nəticələrlə Nikol Paşinyanın komandası parlamentdəki çoxluğunu qoruyub saxlasa da, müxalifət parlament platformasından hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər