Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən 
"Hörmətli redaksiya.
Çox təəssüflə qeyd edim ki, təkrar olaraq eyni bir məsələyə reaksiya vermək məcburiyyətindəyəm. Sizin saytınızda ““Dolaşır, çaşır … o, belə peşəkardır” başlığı altında yayımlanan yazıda yenə də şəxsimə qarşı sayğısızlıq və əsassız ittihamlara yer verilib.
Etibar Əliyev adlı adam iddia edir ki, mən onu təhqir etmişəm. Halbuki, mən daha öncə yayımlanmış münasibətimdə sadəcə olaraq onun barəmdə səsləndirdiyi əsassız fikirlərə münasibət bildirmişdim. Üstəlik, onun mənim peşəkarlığıma qərəzli münasibətini aradan qaldırmaq üçün şəxsim barədə məlumata da yer verməli olmuşdum. Əslində, bu mövqeyim dərc edildikdən sonra Etibar Əliyev kirimişcə yerində oturmalı, müzakirəni bitirməliydi. Amma o, bunu etməyə özündə güc tapmadı. Daha da irəli gedərək mənim siyasi keçmişimi belə “araşdırıb gün üzünə çıxardı”. Təbii ki, bu zaman mənə ünvanladığı “dolaşır, çaşır” ifadələrinin, əslində, özünə daha uyğun olduğunu da göstərmiş oldu.
Bu adam iddia edir ki, mən danışdıqca özümü biabır edirəm. Nədir o biabırçılıq? Mənim əvvəlki cavabımda buna dair bir dəlil ortaya qoysa, ona əhsən deməyə hazıram. Qoya bilmir və buna görə də başqa “faktlar” axtarır və “tapır”.
İnternetdə bir video tapdığını iddia edir. Orada mən hakimiyyəti sərt tənqid etmişəm. İndi bu adama birisi izah etsin ki, o “tapdığı” videonu internetdə başqa kimsə deyil, məhz mən özüm yayınlamışam. Bilməyənlər üçün deyim ki, bu videodakı çıxışım 2005-ci ilin martında jurnalist Elmar Hüseynovun qətlinin səhəri gününə təsadüf edir və olduqca emosional bir ortamda baş verib. Yəni burada gizli heç nə yoxdur və o videonu internetdən silə biləcəyim halda silmirəm, Etibar Əliyev kimi adamların ucuz manipulyasiyalarından belə çəkinmədən ara-sıra özüm də paylaşıram.
Onun iddia etdiyi kimi, “sonrakı illərdə hakimiyyəti tərifləməyim” isə heç də kimsəni rahatsız etməməlidir. Çünki mən Etibar Əliyev kimi adamlardan fərqli olaraq, konkret mövqeyi olan, qərəzdən uzaq, yaxşıya yaxşı, pisə pis deməyi bacaran birisiyəm. Əgər bu gün Azərbaycan hakimiyyəti ürəyimcə olan fəaliyyət göstərirsə, onu tərifləməkdə heç də eyib olacaq hal görmürəm.
Bu adam iddia edir ki, “belə adamın nə mütəxəssisliyi olacaq”? Heyrət edirəm! Bir şəxsin konkret hadisələrə konkret mövqe bildirməsinin mütəxəssisliklə nə əlaqəsi var? Bəlkə “təhsil eksperti” Etibar Əliyev oxucular üçün bunu açıqlayardı? Bəlkə nəsə yeni kəşf edib də bizim xəbərimiz yox? Sifət məsələsinə gəlincə, mənim hər zaman bir sifətim oldu, olacaq da. Doğru bildiyim zamanda doğru bildiyim yerdə olmuşam, olacağam da. Buna görə kimdənsə izn alacaq deyiləm.
Daha sonra bu adam mənim başçılıq etdiyim Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin adına belə irad tutur. Sonra da iddia edir ki, belə bir təşkilatın olmadığını hamı bilir. İndi bu adamı dəvəquşuna bənzətməyəsən də nə edəsən? Bir şeyi siz bilmirsinizsə, bu o demək deyil ki, həmin fakt mövcud deyil. İndi ki, bilgisizsiniz, nəzərinizə çatdırım ki, bu təşkilat 2003-cü ildə qurulub, 2012-ci ildə rəsmi qeydiyyatdan keçib. Öz sıralarında Azərbaycanın ən tanınmış jurnalist və yazarlarını, sənət adamlarını birləşdirir. Fəaliyyəti də göz qabağındadır. Əgər siz dəvəquşu kimi başınızı quma soxub kimsənin sizi görmədiyini düşünərək ətrafdan bixəbər olmasaydınız, bizim təşkilat haqqında da yetərincə bilginiz olardı. Yoxdur, o zaman buyurun, saytımızı ziyarət edin: www.cascfen.net.
Bundan başqa, özünüzə zəhmət verib Google-da “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” ifadələrini axtara bilərdiniz. Görünür, müsabiqəsinə qatılıb məğlub olduğunuz yeni texnologiyalarla bağlı bilgiləriniz yetərli deyil ki, bu axtarışı apara bilmirsiniz.
Hə, düz deyirsiniz, mən Ermənistanda da söz azadlığı uğrunda mübarizə aparıram. Bunun nə anlama gəldiyini sizin kimi siyasi naşılar anlaya bilməyəcəyi üçün məsələnin üzərində çox da dayanmadan keçirəm.
Və məcburən bildirmək istərdim ki, sizin saxta adlandırdığınız bu təşkilat elə təkcə 2013-cü ildə Qazaxıstanda 2, Qırğızıstanda 1 jurnalist təşkilatıyla işbirliyi memorandumu imzalayıb. Yaxud da elə 2014-cü ilin sentyabr-oktyabr aylarında Qazaxıstanın 3 şəhərində jurnalistlər üçün seminarlar keçirib. Azərbaycana gəlincə isə, medianı araşdırın, görün, biz harada və nələr edirik.
Bu adam balaca uşaq kimi “ürəkləri çatsa” ifadəsini işlətməyimə də öz ağlınca ilişir. Vallah, nə deyim, bunun adı arqumentsizlikdən başqa bir şey deyil.
Və sonra da iddia edir ki, mən çaşıram, özümü dolaşdırıram. Halbuki bu adam mənim guya münsiflər heyətini qeyri-peşəkar saydığımı iddia etməklə özü çaşır, özünü dolaşdırır. Ona görə də əvvəlki məktubumdan buna aid hissəni olduğu kimi təkrarlamağa zərurət görürəm: “...istər hörmətli Hamlet İsaxanlı, istərsə də Cəsarət Valehli adı keçən müsabiqəyə təqdim edilmiş yazıları dəyərləndirmək üçün yetərincə uyğun şəxslərdir. Çünki yazılar sırf jurnalistika məhsulu olmaqla, geniş oxucu kütləsi üçün nəzərdə tutulub və təbii ki, Hamlet İsaxanlı və Cəsarət Valehli kimi şəxslərin həmin yazıları nəzərdən keçirib qiymətləndirməsi problem yaratmır”.
Ümumiyyətlə isə, mən əvvəlki məktubumda nə hörmətli Hamlet İsaxanlının, nə də Cəsarət Valehlinin peşəkar olmaması haqqında bir kəlmə olsun işlətməmişəm. İşlətmədiyim ifadələri mənim adıma yazmaqla bu adam qərəzli və dayaz olduğunu bir daha təsdiqləmiş olur.
Etibar Əliyev mənim bioqrafiyamı araşdırmaqla bağlı tövsiyəmə əməl edərək www.azerhasret.com ünvanlı saytımda bir neçə yazıya nəzər salıb. Və kəşf edib ki, mən Akif adlı adamı küçə söyüşlərilə təhqir edən yazı yazmışam. Yazı ordadır, hər kəs oxuya bilər. Etibar Əliyevin “kəşf etdiyi” təhqirləri tapana mükafat verəcəm. Vasif Talıbova məddahlıq etdiyim haqda iddiayla da bağlı mükafat vəd edirəm. Yazı yenə də ortadadır. Avropanı “savadsız şəkildə” yıxıb sürüməyimə gəlincə, Etibar Əliyev, bu da sizlik məsələ deyil axı. Gedin, bildiyiniz işlərlə məşğul olun da. Şəxsi kitabxananızda 5 min kitabın olmasıyla öyünməklə də deyil (hərçənd mənim şəxsi kitabxanamda bundan daha artıq kitab var).
Bu adam mənim cavabıma cavabında özünü dolaşdırdıqca dolaşdırır. Baxın, nə yazır: “Azər Həsrət mənə cavabında yazır ki, 1999-cu ildə, E.Əliyev kimi şəxslər hələ e-poçtun nə olduğunu bilmədiyi bir zamanda, Kanadada internet saytların qurulması üzrə ayrıca təlim keçmiş, Azərbaycana şəxsi internet saytımla qayıtmışdım. Bu adam bilmir ki, internetin (ümumdünya hörümçək torunun) ilk şəbəkə protokolunu icad edən alim Tim Bernes-Li Avropa Nüvə Tədqiqatlarının keçmiş əməkdaşıdır və ali fizik təhsili almış adam kimi mən onu çoxlarından öncə tanıyıram, amma bu heç bir üstünlük vermir mənə. Elektron poçta Qərb dünyası 1970-ci illərdə sahib idi, amma Azər Həsrət 1999-cu ildə onunla tanış olmağa görə öyünür. Yeri gəlmişkən, internet 1969-cu ildə icad olunub”.
Heç dəxli var? Birincisi, mən heç yerdə yazmamışam ki, 1999-cu ildə e-poçtla tanış olmuşam. Zatən məndən gətirdiyiniz sitatda, Etibar Əliyev, bu haqda aydın yazılıb axı. Bu qədər aydın yazılmış bir şeyi anlamaqda çətinlik çəkirsinizsə, sizə sözüm yoxdur. Həm də internetin nə zaman, kim tərəfindən icad edilməsindən sizin xəbərinizin olmasının mətləbə nə dəxli var? Mən bu texnologiyanın tətbiqilə bağlı iddialıyam və sizdən qat-qat üstünəm. Buyurun, bu iddiama cavab verin! Əgər verə bilirsinizsə!
Sonda bu adam Markesin “Yüz ilin tənhalığı” romanının adını belə düz-əməlli bilmədiyi halda ondan sitat da gətirir. Özü də dəxli olmayan bir sitat. Və təkrar iddia edir ki, Azər Həsrət e-poçtu gətirən adamdır. Özü də bununla Etibar Əliyevi təəccübləndirirəmmiş. Mən anlada bilmirəm, birisi buna anlatsın ki, onun e-poçtla bağlı mənim haqqımda uydurduğunun heç bir əsasının olmadığını əvvəlki məktubumda qeyd etmişdim.
Köhnə maşınlar məsələsinə gəlincə, Etibar Əliyev, heç mən də buna pis baxmıram. Sadəcə olaraq ədalət hissi və dürüstlüyüm o sahəylə məşğul olmağa imkan vermədi, başını buraxdım. Bunun da heç mənim İKT peşəkarlığıma dəxli yoxdur.
Ümumiyyətlə isə, təəssüf edirəm ki, qızıldan qiymətli zamanımı bu mənasız adamın cəfəng iddialarına cavab vermək üçün xərcləməli oluram. Mən də onun kimi köhnə palan içi sökə bilərdim. Məsələn, 2010-cu il parlament seçklərindəki mövqeyini xatırlada bilərdim, amma etmirəm. Çünki ondan fərqli olaraq konkret iddialara konkret cavab verməyin daha uyğun olduğuna inanıram.
Sonda ümid etmək istərdim ki, bu adam özünü dolaşdırdığı cavabına bir daha nəzər salıb yanlış yolda olduğunu anlayacaq və mənim zamanımı təkrar almayacaq.
Lap sonda isə onu qeyd edim ki, Etibar Əliyevin mənimlə bağlı hər iki açıqlamasını AzPolitika.info saytından köçürərək dərc etmiş “Azadlıq” qəzeti də bu cavabımı yayımlayacaq. Əlbəttə ki, ürəkləri çatsa...
Hörmətlə: Azər Həsrət
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
Azərbaycan İnternet Forumu İdarə Heyətinin üzvü"

Şərhlər