Vladimir Putin və onun generalları Rusiya ordusunun cəbhə xəttindəki nailiyyətlərini fundamental və müharibənin gedişatını Moskvanın xeyrinə kökündən dəyişdirməyə qadir kimi təqdim etməyə çalışırlar. Yanacaq böhranı və Ukraynanın neft emalı zavodlarına, hərbi zavodlara kütləvi zərbələri fonundaKreml, görünür, əhalini "SVO"-da "hər şeyin plan üzrə getdiyinə" inandırmağa çalışır.

Bu səylər həm də Donald Trampın mövqeyinə təsir etmək məqsədi daşıyır. Çünki Kreml hələ də cəbhədə əldə edə bilmədiklərini Trampın vasitəçiliyi və Kiyevə təzyiqi ilə danışıqlar masasında əldə edəcəyinə inanır.

Putin son çıxışlarında bildirib ki, ilin əvvəlindən bəri Rusiya Ukraynada 3000 kvadrat kilometrdən çox ərazini və 133 yaşayış məntəqəsini ələ keçirib. Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, təkcə iyun ayında 636 kvadrat kilometr və 29 yaşayış məntəqəsi işğal olunub.

Lakin ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında qeyd edir ki, Rusiya qoşunları ilin əvvəlindən bəri bütün cəbhə boyu cəmi 621,7 kvadrat kilometr ərazini ələ keçirib. Bu, Putinin iddia etdiyindən təxminən beş dəfə azdır. Yəni, Putin faktiki olaraq bu göstəricini 5 dəfə(!) şişirdib.

Rus əsgərləri tərəfindən ələ keçirilən və ya ələ keçirilmək üzrə olan yaşayış məntəqələrinin sayına gəldikdə isə ISW-yə görə, bu rəqəm 64-dür. Yəni, Putinin iddia etdiyinin yarısından da azdır.

ISW-yə görə, Ukraynanın iyun ayındakı faktiki itkiləri 30,42 kvadrat kilometrdir. Bu o deməkdir ki, Gerasimov da ərazi işğalının miqyasını 21 dəfə(!) şişirdib.

ISW bu davamlı şişirtmələri Rusiyanın Ukraynadakı qələbəsini qaçılmaz və Ukraynanın müdafiəsini dağılmış kimi təqdim etməyə yönəlmiş informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirir.

İnstitutun təhlilinə görə, iyun ayında Rusiya qoşunları işğal etdikləri hər kvadrat kilometr ərazi üçün orta hesabla 1298 əsgər itiriblər. Sadə bir hesablama göstərir ki, bu sürətlə Donetsk vilayətinin qalan 5065,17 kvadrat kilometrini ələ keçirmək Rusiyaya 6.574.590 əsgərə başa gələcək.

ISW yazır ki, Putin və onun komandirlərinin Konsantinovkanın tam ələ keçirilməsi barədə dedikləri də yalandır.

C.Məmmədli

“AzPolitika.info”