Kremlin baş təbliğatçısı Vladimir Solovyov Rusiyanın biznes və iqtisadi elitasının Prezident Vladimir Putinə qarşı cəbhə aldığını və müharibə əleyhinə olan qüvvələrin ölkə daxilində "mövqe qazandığını" etiraf edib.
“AzPolitika” xəbər verir ki, Böyük Britaniyanın "Daily Express" qəzetinin yazdığına görə, Solovyov özünün "Polnıy kontakt" radioproqramında Ukraynadakı müharibə fonunda Kremlin siyasi rəhbərliyi ilə rus oliqarxları arasında uçurumun kəskin şəkildə böyüdüyünü bildirib.
Rusiyalı yazıçı və şərhçi Maksim Kalaşnikov da mövcud vəziyyəti şərh edərək eltanın Putinə baxışının tamamilə dəyişdiyini vurğulayıb: “Hazırda bizim hakim sinif mövcud ali rəhbərliyi aktiv deyil, bir yük, toksik fiqur kimi görür. Onlar bu müharibənin tezliklə bitməsini, sanksiyalardan qorxmadan Qərbə sərbəst səyahət edə bildikləri, karbohidrogenləri satıb Avropa bazarını geri qaytardıqları 'köhnə xoş günlərin' gəlməsini çox istəyirlər”.

Müharibənin ən alovlu tərəfdarlarından olan Solovyov isə radioçıxışında Putindən üz döndərən elitanı kəskin təhqir edərək hüquq-mühafizə orqanlarını daha sərt addımlar atmağa çağırıb: “Müxtəlif kabinetlərdə yuva salmış o alverçi alçaqların 'gəlin danışıqlara başlayaq, bunu niyə edirik? Siz bizim uşaqlarımızı gələcəkdən məhrum edirsiniz' dediyini eşidəndə dəli oluram. Hansı gələcəkdən danışırsınız, rəzil alverçi donuzlar? Anlamırsınız ki, Qərbdə heç kimə lazım deyilsiniz? Onlar Rusiyada 1973-cü ildə Çilidə baş verənlərə (hərbi çevrilişə) bənzər bir ssenari təşkil etmək istəyirlər? Biz buna dözməliyik? Hüquq-mühafizə orqanlarına daha geniş səlahiyyətlər verilməli və onlarla çox sərt, həddindən aqressiv davranılmalıdır”.
Solovyov çıxışında Rusiya iqtisadiyyatını sanksiyalar altında ayaqda saxlayan Mərkəzi Bankın sədri Elvira Nabiullinanı da hədəf alıb. O, Nabiullinanı hərbi sənayenin ehtiyaclarına göz yummaqda ittiham edib:“Bizə qarşı olanlar güc toplamaqdadır. Düşmən ağır dronların istehsalına milyardlar, ümumilikdə 90 milyard dollar ayırdığını elan edir. Bəs Nabiullina və həmkarları nə deyir? Bu barədə bircə kəlmə də danışmırlar, hərbi istehsalat mövzusu onlar üçün yoxdur. Ağ şalvar, qara kofta, qara eynək – problemləri yoxdur, heç nə görmürlər”.
Qeyd edək ki, Rusiyanın dövlət və özəl sektor daxil olmaqla ümumi xarici borcu 319.8 milyard dollara çatıb.
Rusiya daxilində elit qrupların narazılığının artması və bir neçə yüksək rütbəli hərbçinin sui-qəsdlə öldürülməsindən sonra Vladimir Putinin təhlükəsizlik tədbirləri görünməmiş dərəcədə gücləndirilib.
Məlumatlara görə, Putinin yaxın ətrafında işləyən işçilərin evlərinə gizli nəzarət sistemləri quraşdırılıb, onlara ictimai nəqliyyatdan istifadə və telefonla danışmaq qadağan edilib. Həmçinin Putinin özü də Moskva və Valday yaxınlığındakı bəzi daimi iqamətgahlarına səfərlərini ləğv edərək hərəkət marşrutunu minimuma endirib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər