Bakıda kirayə mənzil qiymətlərində artım daha çox diqqət çəkməyə başlayıb. Xüsusilə yeni tikili binalarda yerləşən mənzillərə marağın yüksək olduğu müşahidə edilir. Kirayə elanlarının böyük hissəsinin şəhərin mərkəzinə yaxın ərazilərdə cəmlənməsi isə qiymətlərə birbaşa təsir göstərən amillərdən biri hesab olunur. Paytaxtda kirayə bazarında yaranan bu bahalaşmanın səbəbləri müzakirə mövzusuna çevrilib.

Bəs Bakıda kirayə mənzil qiymətləri niyə artır və bu vəziyyət nə qədər davam edə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, Azərbaycanda əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır. Bu yanaşma dünyanın əksər ölkələrində də tətbiq olunan bazar mexanizmidir.

Onun sözlərinə görə, bazar özünü tənzimləyən mexanizmə malikdir və qiymətlərə kənardan müdaxilə etmək olduqca çətindir: “Kirayə və ya satış bazarında tələbat artdıqca qiymətlər yüksəlir, təklif artdıqda isə əksinə, qiymətlər aşağı düşür. Satıcılar və ya kirayə verənlər arasında rəqabətin güclənməsi də qiymətlərin enməsinə səbəb olur. Başqa sözlə, qiymətlər bazardakı tələb və təklif nisbətindən asılı olaraq formalaşır.

2019-cu ildən etibarən Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində yenidənqurma və abadlıq işləri həyata keçirilir. Bu çərçivədə şəhərin mərkəzi və mərkəzə yaxın hissələrində istismar müddəti başa çatmış, eləcə də qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü davam etdirilir”.

Ekspert deyib ki, söküntü prosesi zamanı tikinti şirkəti ilə əmlak sahibi arasında bir neçə mərhələdən ibarət razılaşma aparılır: “Birinci mərhələdə söküləcək əmlakın sahəsi dəqiqləşdirilir. İkinci mərhələdə yeni tikiləcək binada vətəndaşa veriləcək mənzilin sahəsi, o cümlədən əlavə kvadratmetrlər razılaşdırılır. Üçüncü mərhələ kirayə məsələsini əhatə edir. Bina və ya həyət evi söküldükdən sonra yeni tikili istifadəyə verilənədək, adətən 2-3 il müddətində sakinlər tikinti şirkəti tərəfindən kirayə mənzillə təmin olunur. Dördüncü mərhələdə isə vətəndaş seçim edir. O, ya yeni mənzili təmirli şəkildə qəbul edə, ya da təmir üçün nəzərdə tutulan vəsaiti alaraq mənzili öz hesabına təmir etdirə bilər. Bütün bu şərtlər üzrə razılıq əldə olunduqdan sonra tərəflər arasında müqavilə bağlanır və tikinti şirkəti sakinlərin müvəqqəti kirayə mənzillərlə təmin edilməsini həyata keçirir”.

Kirayə qiymətlərində artımın nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını deyən Anar Nəsirov vurğulayıb ki, bazarda tələb və təklifə inzibati qaydada təsir göstərmək mümkün deyil: “Tələbələrin yeni tədris ili ərəfəsində paytaxta axını, eləcə də regionlardan Bakıya köç edənlərin sayının artması kirayə mənzillərə tələbatı yüksəldir. Bu isə həm qiymətlərin bahalaşmasına, həm də uyğun mənzil tapılmasının çətinləşməsinə səbəb olur.

Əvvəlki illərlə müqayisədə kirayə bazarına çıxarılan mənzillərin sayı da azalıb. Qiymət artımı xüsusilə şəhərin mərkəzi və mərkəzə yaxın, metro stansiyalarının, ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə daha qabarıq müşahidə olunur. Ən yüksək qiymət artımı Nərimanov rayonu, Bulvar ətrafı və Tarqovu kimi ərazilərdə qeydə alınır”.

Oğuz Ayvaz

AzPolitika.info