Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında sülh prosesi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması ilə bağlı mühüm bəyanatlar verib.

Nazir vurğulayıb ki, sülh müqaviləsinin mətni artıq paraflanıb və ictimaiyyətə açıqdır. Bununla belə, sənədin imzalanması üçün Bakının şərti dəyişməz qalır: “Azərbaycanın bu məsələdəki yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyi artıq Prezident İlham Əliyev tərəfindən bəyan edilib. Gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh müqaviləsi imzalana bilər”.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə toxunan XİN rəhbəri işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, indiyədək dövlət sərhədinin təxminən 13 kilometrlik hissəsi delimitasiya olunub. Nazir tərəflər arasında müəyyən razılaşmaların olduğunu və prosesin şimaldan cənuba doğru davam etdiriləcəyini, həmçinin "anklav kəndlər" məsələsinin də öz həllini tapacağını qeyd edib.

Ceyhun Bayramov Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu infrastrukturunu ("Zəngəzur dəhlizi") nəzərdə tutan TRIPP layihəsi barədə də danışıb. Nazir bu layihənin ABŞ tərəfindən də dəstəkləndiyini diqqətə çatdırıb: “Bu istiqamətdə ABŞ və Ermənistan arasında danışıqlar aparılır. Eyni zamanda TRIPP-in giriş və çıxış hissələri Azərbaycan ərazisində yerləşdiyindən, amerikalı tərəfdaşlar bizi proses barədə məlumatlandırırlar. Bizə verilən vədlərə uyğun olaraq proses irəliyə doğru gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir”.

“AzPolitika.info”