Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən “Çiçəklənən Ermənistan” Partiyasının lideri, milyarder oliqarx Qagik Tsarukyanın həbs olunma anını əks etdirən videogörüntüləri izləmədiyini bildirib.

Baş nazir güc strukturlarının qanunvericiliyə uyğun addım atdığını vurğulayaraq qeyd edib: “Ermənistan Respublikası, o cümlədən Ermənistan xalqı tərəfindən verilən mandat çərçivəsində öz səlahiyyətləri daxilində hərəkət edir”.

Xatırladaq ki, Qagik Tsarukyan bir neçə gün əvvəl öz şəxsi imarətində saxlanılıb. Məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. İstintaq Komitəsi isə əməliyyat gününə aid 1 dəqiqəlik videogörüntüləri ictimaiyyətə təqdim edib. Videoda Milli Təhlükəsizlik Xidmətinin (MTX) silahlı və maskalı əməkdaşlarının iş adamının malikanəsinə basqın etdiyi, içəri daxil olduqdan sonra onlarla xüsusi təyinatlının 70 yaşlı Tsarukyanı yerə yıxaraq qollarını və qıçlarını qandalladığı əks olunub.

Jurnalistlərin "Seçkiöncəsi vədlərinizin bir hissəsinin artıq yerinə yetirildiyini hesab edirsinizmi?" sualına Paşinyanın cavabı belə olub: “Seçkiöncəsi vədlərimi o zaman yerinə yetirilmiş sayacağam ki, söz verdiyim kimi, '1 Mart' hadisələrinə görə məsuliyyət daşıyanlar cavab versinlər və yağmalanmış bütün əmlaklar qəpik-qəpik hər kəsə (dövlətə) geri qaytarılsın. Xeyr, hələlik seçkiöncəsi vədlərimin tam yerinə yetirildiyini düşünmürəm”.

Paşinyan müxalifətin "siyasi təqib" iddialarını da rədd edib: “Siyasi təqiblərin olduğunu deyirlər, lakin mən bildirirəm ki, son vaxtlara qədər heç bir siyasi təqib olmayıb. Çünki dövlət sistemində fəaliyyət göstərənlər də daxil olmaqla, əvvəlki siyasi hakimiyyətin uzantıları bir çoxları üçün toxunulmazlıq şəraiti yaratmışdı və buna son qoyulmalıdır”.

Qeyd edək ki, Qagik Tsarukyan seçki kampaniyasına başladığını və Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasını hakimiyyətdən uzaqlaşdırmaq niyyətini elan etdikdən sonra hökumətin hədəfinə çevrilmişdi. Baş nazir həm seçki kampaniyası zamanı, həm də seçkilərdən sonrakı dövrdə müxalifət liderini açıq şəkildə hədələyərək, onu təkcə həbslə deyil, əmlakının müsadirə olunması ilə də təhdid edirdi.

Bu gün İrəvanın "Kentron" həbsxanasından bəyanat yayan Qagik Tsarukyan isə ona qarşı edilənlərin "açıq-aşkar qanunsuzluq və ədalətsizlik" olduğunu iddia edib.

Rasim

“AzPolitika.info”