Ermənistanda ruspərəst və revanşist qüvvələrin sırasında “təmizləmə əməliyyatı” davam edir.
“AzPolitika” xəbər verir ki, Ermənistan İstintaq Komitəsi "Ana Ermənistan" partiyasının üzvü Aregnaz Manukyanın həbsi barədə məlumat yayıb. Manukyan dövlət sirlərini açıqlamaqda günahlandırılır.
İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, "Aregnaz Manukyan Ermənistan Cinayət Məcəlləsinin 427-ci maddəsinin 1-ci hissəsi (dövlət sirri olan məlumatların dərc edilməsi) ilə ittiham olunub. O, saxlanılıb və həbs qərarı verilməsi üçün məhkəməyə gətiriləcək".
Hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər Manukyanın mənzilində axtarış aparıblar.
May ayının sonunda İrəvan məhkəməsi "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, dövlətə xəyanət və casusluqda ittiham olunur. Tevanyan açıq-aşkar Rusiyanın Ermənistandakı maraqlarını təmsil edib. Hətta Ermənistan parlamentinin üzvü ola-ola Ukraynanın Donbasdakı işğal edilmiş ərazilərinə səfər edərək, işğala açıq dəstək nümayiş etdirmişdi.
Aregnaz Manukyana gəlincə, o, Ermənistanda 7 iyun parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının siyahısından namizədliyini irəli sürüb. Bu partiya seçkidə səslərin 3,996%-ni toplayıb və parlamentə düşə bilməyib.
7 iyulda İrəvan məhkəməsi partiyanın lideri Qaqik Tsarukyanı həbs edib. O, fırıldaqçılıq və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
“AzPolitika.info”

Şərhlər