"Sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı danışarkən çox vaxt diqqət yalnız istifadə müddətinə yönəlir. Lakin əsas məsələ uşağın telefondan nə qədər istifadə etməsi deyil, onun həyatında hansı rolu oynamasıdır".
Bu sözləri psixoloq Aysu Həsəsənzadə son dönəmlər uşaqlar arasında tendensiyaya çevrilmiş sosial şəbəkələrdən asılılıq mövzusunu "AzPolitika"ya şərh edərkən deyib.
Psixoloq bildirib ki, valideynlər özlərinə "Uşaq neçə saat telefondadır?" sualını deyil, "Telefon uşağın həyatında nəyin yerini tutub?" sualını verməlidirlər.
"Əgər uşaq hər darıxanda, hər əsəbiləşəndə və ya hər dəfə sakitləşmək istəyəndə telefona üz tutursa, bu artıq onun emosiyalarını idarə etmə vasitəsinə çevrilir. Sabah məktəbdə problem yaşayanda, dostu ilə mübahisə edəndə və ya özünü tənha hiss edəndə də ilk seçimi yenə ekran olacaq. Halbuki uşaq bu hisslərlə sağlam şəkildə necə baş etməyi də öyrənməlidir", – deyə o vurğulayıb.
A.Həsəsənzadənin fikrincə, sosial şəbəkələrin yaratdığı ən böyük problemlərdən biri uşaqların "tez həzz almağa" öyrəşməsidir.
"Orada hər şey çox sürətlidir: bir video bitir, digəri başlayır, hər an yeni bir stimul var. Amma real həyatda belə deyil. Dərs oxumaq, kitab bitirmək, yeni bacarıq öyrənmək və ya uğur qazanmaq zaman və səbir tələb edir. Uşaq daim sürətli stimullara öyrəşəndə isə uzunmüddətli diqqət toplamaq və səbir göstərmək onun üçün çətinləşə bilər", – deyə psixoloq qeyd edib.
Mütəxəssis valideynlərə telefonu sadəcə uşağın əlindən almağa çalışmamağı tövsiyə edib: "Telefonu sadəcə əlindən almağa çalışmayın, onun yerini doldurun. Çünki boşalan yeri doldurmasaq, uşaq yenə telefona qayıdacaq. Birlikdə stolüstü oyun oynamaq, gəzintiyə çıxmaq, mətbəxdə nəsə hazırlamaq, rəsm çəkmək və ya sadəcə gününün necə keçdiyini maraqla dinləmək bəzən düşündüyümüzdən daha təsirli olur".
Psixoloq hesab edir ki, valideynlər çox vaxt bir mühüm məqamı da nəzərdən qaçırırlar."Uşaqlar bizim dediklərimizdən çox, etdiklərimizi izləyirlər. Əgər biz özümüz yemək zamanı, söhbət edərkən və ya istirahətdə daim telefondayıqsa, uşağa 'telefonu kənara qoy' demək inandırıcı görünmür. Dəyişiklik ilk növbədə ailənin ümumi vərdişlərindən başlayır", – deyə o bildirib.
Sonda A.Həsəsənzadə vurğulayıb ki, məqsəd uşağı sosial şəbəkələrdən tam uzaqlaşdırmaq deyil.
"Məqsəd odur ki, uşaq telefon olmadan da darıxmağı bacarsın, oyun oynaya bilsin, ünsiyyət qursun, hisslərini ifadə etsin və həyatdan zövq ala bilsin. Çünki uşağın psixoloji inkişafını gücləndirən əsas amil ekran deyil, valideynlə qurduğu təhlükəsiz münasibət və real həyat təcrübələridir", – deyə psixoloq bildirib.
"AzPolitika.info"

Şərhlər