“Həsən Şirinovun işdən uzaqlaşdırılması ilə bağlı mətbuatda yayılan xəbərlərlə tanışam. Ancaq bu barədə heç bir dəqiq məlumatım yoxdur”.

Bu sözləri Axar.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun prezidenti müşayiət etmək hüququndan məhrum olunması haqda yayılan xəbərlə bağlı danışarkən dedi.

V.Əsədov qeyd etdi ki, bu barədə açıqlama vermək onun səlahiyyətində deyil:

“Bu məsələ ilə bağlı açıqlama vermək səlahiyyətim də yoxdur. Heç belə bir hadisənin olub-olmadığını da bilmirəm”.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun özü ilə də əlaqə yaratmağa çalışdıq. Həsən Şirinov əvvəlcə telefon zəngimizə cavab versə də, məsələ ilə əlaqədar açıqlama almaq istədiyimizi bilən kimi telefonu qapadı. Sonrakı bütün cəhdlərimizdə də general eyni reaksiya sərgilədi.

Qeyd edək ki, “Virtualaz.org”un xəbərinə görə, Həsən Şirinov prezident kortejini müşayiət edərkən səhvə yol verib və yanlış istiqamətə dönməsi səbəbindən kortejin tıxacda qalmasına bais olub. Buna görə də Həsən Şirinov prezident kortejini müşayiət etmək görəvindən azad edilib.

Axar.az-ın əldə etdiyi məlumatda isə vurğulanır ki, əslində, Həsən Şirinovun səhvi heç də prezident kortejinin tıxaca düşməsinə səbəb olmayıb. Belə ki, Olimpiya stadionunda tikintinin gedişi ilə tanış olmaq üçün gedən Prezident İlham Əliyevin kartejini müşayiət edən Həsən Şirinov özü yanlış istiqamət seçib. Kortejin getdiyi istiqaməti müəyyənləşdirən xüsusi xidmət isə marşrut üzrə hərəkətin davam etdirilməsini təmin edib. Nəticədə, Həsən Şirinov özü-özünü kortejdən kənarlaşdırıb və tıxaca düşdüyündən, prezident karvanını müşayiət imkanlarını tamam itirib.