Məlum olduğu kimi, Benyamin Netanyahu hökumətinin 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıması qardaş Türkiyə ilə İsrail arasında gərginliyi xeyli artırıb.
Azərbaycan Netanyahu hökumətinin bu mövqeyini rəsmi şəkildə qətiyyətlə pisləməklə yanaşı, etibarlı, dürüst tərəfdaş kimi bu gərginliyin artaraq daha böyük qarşıdurmaya keçməməsi üçün əlindən gələni edib. Məhz Azərbaycanın səyləri və İsraillə müxtəlif səviyyələrdəki əlaqələri sayəsində qondarma “erməni soyqırımı” mövzusu gündəmdən çıxarılıb.
Belə ki, Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe İsraildə də rezonans doğurdu. Qısa müddət sonra İsrailin siyasi dairələrində, ekspert ictimaiyyətində və aparıcı media qurumlarında hökumətin qərarının məqsədəuyğunluğu ətrafında geniş müzakirələr başladı. Azərbaycanın irəli sürdüyü arqumentləri əsaslı hesab edərək, qəbul olunmuş yanaşmanın yenidən nəzərdən keçirilməsinin vacibliyini önə çəkildi. İctimai və siyasi müzakirələrin fonunda məsələ qərarverici dairələrin gündəliyində də yenidən qiymətləndirildi.
Görülən tədbirlər nəticəsində bu yersiz təşəbbüs dayandırıldı və faktiki olaraq dəfn edildi. Üstəlik, İsrail hökuməti və parlament səviyyələrində bununla bağlı hüquqi və siyasi sahələrdə hər hansı bir irəliləyişin qarşısı alındı.
Bu o deməkdir ki, Azərbaycan dünyada güc və söz sahibi olan bu iki nüfuzlu dövlət arasındakı vasitəçiliyi ilə hər iki tərəfin maraqlarına uyğun olan gündəliyi təşviq və tətbiq edə bildi. Məhz Azərbaycanın səyləri və əlaqələri ilə bizim üçün önəmli olan bu iki ölkə arasındakı münasibətlərin qondarma “erməni soyqırımı” mövzusu kimi çürük səbəblərdən yeni eskalasiya mərhələsinə keçməsinin qarşısı alındı.
Bu arada qeyd edək ki, nüfuzlu Qərb mediası da Azərbaycanın bu məsələdəki roluna və vasitəçilik potensialına xüsusi yer verir. Məsələn, Amerikanın “Newsweek” nəşri qeyd edir ki, Azərbaycan Türkiyə ilə İsrail arasında əsas vasitəçi ola bilər. Jurnal yazır ki, Azərbaycan Türkiyə ilə İsrail arasında potensial münaqişənin qarşısını almaqda əsas rol oynamaq iqtidarında olan nadir ölkədir.
Yazıda qeyd olunur ki, Bakı "həm Ankara, həm də Təl-Əviv tərəfindən etibar edilən nadir bir paytaxt" olaraq qalır.

Nəşr xatırladır ki, Azərbaycan hələ 2022-ci ildə Türkiyə və İsrail barışığında əsas pərdəarxası rol oynayıb. Suriya hava məkanında Türkiyə və İsrail qoşunları arasında mümkün toqquşma barədə xəbərlərdən sonra Bakı bir neçə danışıqlar raundu təşkil edib və nəticədə iki ölkənin silahlı qüvvələri arasında işçi rabitə kanalı yaradılıb.
Nəşr ABŞ Administrasiyasının bu məsələyə xüsusi önəm verməli və rəsmi Bakının vasitəçilik potensialından maksimum yararlanmalı olduğunu bildirir. “Newsweek” qeyd edir ki, Vaşinqton Azərbaycanın vasitəçilik imkanlarından daha fəal istifadə etməli və Bakıdakı danışıqları dəstəkləməlidir.
Məqalədə həmçinin ABŞ-nin Bakı ilə əməkdaşlığı gücləndirmək üçün məlum 907-ci düzəlişin ləğvi də daxil olmaqla, Azərbaycana qarşı mövcud məhdudiyyətləri yenidən nəzərdən keçirməsi təklif edilir.
Eyni zamanda, jurnal Türkiyədə İsrail əleyhinə ritorikanın artdığını qeyd edir. Xüsusilə, yazıda Türkiyənin Xarici İşlər naziri Hakan Fidandan sitat gətirilir və onun bu fikri qeyd olunur: "Bu məsələdə qarşıdurma ilə bağlı heç bir problemimiz yoxdur".
Bu, mümkün münaqişə siqnalı kimi qəbul olunur. Nəşrin məlumatına görə, Amerikanın Ankaraya təsirinin və Azərbaycanın vasitəçilik rolunun birləşməsi ABŞ-nin iki müttəfiqi arasında birbaşa toqquşmadan qaçmağın ən real yolu olaraq qalır.
Bəli, doğrudan da zatən uzun illərlə davam edən və zamana-zaman kəskin xarakter alan münaqişələrlə “əldən salınmış” Yaxın Şərq regionunun bir də Türkiyə-İsrail qarşıdurmaslı ilə daha da qarışması tərəflərin heç birinin maraqlarına uyğun deyil. Azərbaycan üçün önəmli olan hər iki ölkənin öz potensialını bu cür gələcəyi qaranlıq görünən mümkün qarşıdurmaya xərcləməsi, Bakının da maraqlarına ziddir. Ən əsası isə Azərbaycan səmimi olaraq özünün dürüst, ədalətli, etibarlı tərəfdaş və dost mövqeyini ortaya qoyaraq, öz yaxasını kənara çəkmir. Bunu İsraildə olduğu kimi, Türkiyədəki siyasi isteblişment də görməmiş, anlamamış deyil…

Hələ 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən və Türkiyənin iştirak etmədiyi "Şərq tərəfdaşlığı" sammitində Azərbaycan Prezidenti, o vaxtkı Ermənistan başçısı Serj Sarqsyanın "erməni soyqırımı" ilə bağlı Türkiyəni hədəf alan növbəti çıxışına cavab olaraq "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam!” demişdi və Sarqsyanı yerinə oturtmuşdu.
Bunun üzərindən 12 il keçir, Azərbaycanın qardaş Türkiyəyə münasibətində dəyişən heç nə yoxdur və ola da bilməz.
İsraillə münasibətlər də məlum səbəblərdən ölkəmiz üçün önəmlidir. Ona görə də Azərbaycan kənardan baxan müşahidəçi yox, mümkün təhlükəli ssenarilərə biganə qalmayan əsl tərəfdaş və dost mövqeyi nümayiş etdirir. Son uğurlu vasitəçilik təşəbbüsü ilə öz sözünü deməyi və sözünə sahib çıxmağı bacaran Bakı bir daha göstərir ki, hər iki tərəfin etibar etdiyi paytaxt olaraq qalır və qalacaq.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər