Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina daşınmaz əmlak qalmaqalı səbəbindən vəzifəsindən gedir.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
Məlumatda deyilir ki, Olqa Stefanişina Ukraynanın ABŞ-dəki səfiri vəzifəsindən istefa vermək qərarına gəlib. “Financial Times” qəzetinin məlumatına görə, onun istefasına səbəb ailəsinin Kiyevdə bazar dəyərindən xeyli aşağı qiymətə mənzil alması ilə bağlı ittihamlardır.
Stefanişina daha əvvəl Ukrayna Baş nazirinin müavini və Ədliyyə naziri vəzifələrində çalışı. 2025-ci ilin avqust ayının sonundan Ukraynanın ABŞ-dəki səfiridir.
Artıq Stefanişinanın yerinə əsas namizəd də məlumdur. Mediada yayılan məlumatlara görə, istefaya göndərilmək üzrə olan baş nazir Yuliya Sviridenko onun yerini tuta bilər.
Stefanişina ilə bağlı korrupsiya qalmaqalı, “Hromadske”-nin araşdırmasından sonra başlayıb. Belə ki, Stefanişinanın anası Nadiya Kravets 2022-ci ilin payızında Lvivska Ploşad yaşayış kompleksində təxminən 100 kvadratmetrlik üç otaqlı mənzil alıb. Həmin dövrdə tikinti şirkətinin eyni mənzillərinin qiyməti təxminən 300.000 dollar olub.
Lakin Stefanişinanın anasına həmin mənzil cəmi 83 min dollara satılıb. Media bunu sözügedən şirkətin Stefanişinaya rüşvət verməsi kimi dəyərləndirir. Üstəlik, mənzil Stefanişinanın əmlak bəyannaməsində də qeyd olunmayıb. Məmur həmin vaxt öz anasına məxsus digər əmlakı bəyan etsə də, bu mənzili “nəzərdən qaçırıb”. İndi isə bu “diqqətsizlik” ona baha başa gəlir…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər