Azərbaycan Prezidenti İlham Əliyev respublikanın Rusiya İmperiyasının və SSRİ-nin tərkibindəki dövrünü müstəmləkə dövrü hesab etdiyini bildirib.
“AzPolitika” xəbər verir ki, bunu “The Moscow Times” nəşri Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı açıqlamalarına istinadla yazıb.
Nəşr Prezidentdən sitat gətirib: “Biz SSRİ-nin bir hissəsi idik, bəli, amma hüquqlarımız yox idi. Bizim tarixi yaddaşımızda müstəmləkə olmağın və sonra azad dövlətə çevrilməyin nə demək olduğu anlayışı qalıb”.
Nəşr daha sonra yazır: “Əliyevin sözlərinə görə, Sovet dövründə Azərbaycandan milyardlarla ton neft ixrac olunurdu, lakin SSRİ-nin dağılmasından sonra ölkə elektrik enerjisi çatışmazlığı ilə üzləşdi və hələ də intensiv neft hasilatının yaratdığı ekoloji ziyanı aradan qaldırmaq məcburiyyətində qalır.
Əliyev həmçinin qeyd edib ki, 1991-ci ildən sonra Rusiyada bir çoxları keçmiş Sovet respublikalarının tezliklə çökəcəyini proqnozlaşdırırdılar və onların özlərini təmin edə bilməmələrini əsas gətirirdilər. Lakin bu proqnozlar gerçəkləşməyib. “Onların hamısı normal həyat sürür”, - deyə o bildirib və əlavə edib ki, Azərbaycan özü 30 illik müstəqillik dövründə “orta güc”ə çevrilib.
Ukrayna ilə bağlı suala cavab olaraq, Əliyev Ukraynanın işğalla razılaşmamalı olduğunu bir daha təkrarladı və Azərbaycanın onun ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Bu, Əliyevin Sovet dövrü ilə bağlı ilk bu cür qiymətləndirməsi deyil. Daha əvvəl o, Azərbaycanın SSRİ-yə qoşulmasını işğalın nəticəsi adlandırmış və bunun respublikanın tamhüquqlu demokratik dövlətə çevrilməsinə mane olduğunu bildirmişdi”.
“AzPolitika.info”

Şərhlər