İran və ABŞ arasında Hürmüz boğazında gəmiçiliyin idarə edilməsi və nəzarəti ətrafında gərginlik pik həddə çatıb. Tərəflər bir-birinin ardınca sərt bəyanatlar yayaraq strateji su yolunda nəzarəti ələ keçirməyə hazır olduqlarını nümayiş etdirirlər.
Tehranın xəbərdarlığı: "İstənilən müdaxiləyə sərt cavab veriləcək"
"AzPolitika" xəbər verir ki, İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı rəsmi bəyanat yayaraq, ABŞ-ın Hürmüz boğazında gəmiçiliyin idarə edilməsinə müdaxiləsinə imkan verməyəcəyini açıqlayıb. Tehran Vaşinqtonun bu addımlarını regionda təhlükəsizliyi təhdid edən və sabitliyi pozan amil kimi qiymətləndirir.
Bəyanatda vurğulanır ki, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İram tərəfindən müəyyən edilmiş qaydaları pozan ABŞ gəmilərinin hər hansı fəaliyyətinin qarşısını qətiyyətlə alacaq. Bundan əlavə, Tehran Yaxın Şərq ölkələrinə xəbərdarlıq edərək bildirib ki, Pentaqonun əməliyyatlarına göstərilən hər hansı logistik dəstək İrana qarşı düşmənçilik addımı kimi qəbul olunacaq və yarana biləcək eskalasiyaya görə məsuliyyət birbaşa ABŞ və onun regional tərəfdaşlarının üzərinə düşəcək.
Trampın cavabı: "Boğaza nəzarəti əlimizə alırıq"
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının canlı efirində çıxış edərək, İrandan gələn hədələrə kəskin reaksiya verib və Vaşinqtonun geri çəkilmək niyyətində olmadığını bəyan edib. Tramp ABŞ-ın Hürmüz boğazını öz nəzarətinə götürəcəyini elan edib:
"Biz boğaza nəzarəti əlimizə alırıq və görünür, onu idarə edəcəyik. Biz boğazın keşikçiləri, bəlkə də qoruyucu mələkləri olacağıq. Və bunun müqabilində bizə kompensasiya lazımdır."
Pozulmuş razılaşma və diplomatik dalan
Tramp həmçinin iyulun 12-də tərəflər arasında keçirilən gizli görüşün təfərrüatlarını paylaşıb. Onun sözlərinə görə, son anda İranla tam razılıq əldə olunub, lakin danışıqlar otağını tərk etdikdən sonra Tehran müqaviləyə dəyişikliklər edilməsini tələb edib.
ABŞ lideri bu dəyişiklikləri rədd etdiyini və artıq güzəştə getməyəcəyini bildirib: "Bizimlə hər şey son anda baş verir. Razılaşma əldə olunmuşdu, lakin onlar bunu pozdular. Bu insanlarla artıq 10-a yaxın müqaviləmiz olub, ona görə də biz sadəcə onlara çox ağır zərbələr endirəcəyik".
Hazırda Hürmüz boğazı ətrafındakı vəziyyət beynəlxalq ticarət və qlobal neft bazarları üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Ekspertlər diplomatik kanalların tıxanmasının regionda hərbi qarşıdurma riskini artırdığını vurğulayırlar.
"AzPolitika.info"

Şərhlər