Fransa Ukraynaya "Rafale" qırıcıları tədarük edəcək, həmçinin Kiyevə strateji raketlərin lisenziyalı istehsalı hüququnu verir.
"AzPolitika" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski, Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi birgə mətbuat konfransında bəyanat verib.
Yelisey sarayının rəhbəri bildirib ki, Ukrayna artıq 16 ədəd "Rafale" tipli çoxməqsədli fransız qırıcısı sifariş edib. Bu təyyarələrin 2028–2029-cu illərdə Ukrayna Ordusunun silahlanmasına daxil olacağı gözlənilir. Qeyd edək ki, Kiyevin ümumilikdə 100 ədəd "Rafale" qırıcısı almasına dair ilkin saziş hələ 2025-ci ilin noyabrında imzalanıb.
Təyyarə tədarükü ilə yanaşı, Paris Kiyevə Ukrayna ərazisində bir sıra strateji silahların lisenziyalı istehsalını təşkil etmək icazəsi verib. Razılaşmaya əsasən, Ukrayna aşağıdakı hərbi texnologiyaları ölkə daxilində istehsal edə biləcək:
-"Aster-30" raketləri. "SAMP/T" hava və raketdən müdafiə sistemlərində istifadə olunan, uzaqmənzilli idarəolunan zenit raketləri;
-"SCALP-EG" raketləri.Böyük Britaniya-Fransa birgə istehsalı olan (Britaniya variantı "Storm Shadow") uzaqmənzilli aviasiya qanadlı raketləri;
-"AASM" (Hammer) dəstləri. Adi aviasiya bombalarını yüksək dəqiqlikli və uzaqmənzilli idarəolunan sursatlara çevirən xüsusi naviqasiya və mühərrik modulları.
Mətbuat konfransında Ukraynanın hava hücumundan müdafiə sahəsindəki yerli layihələrinə də toxunulub. Bundan əvvəl Parisdə keçirilən "İstəklilər koalisiyası" formatındakı görüşdə Prezident Volodimir Zelenski Ukrayna mütəxəssisləri tərəfindən hazırlanmış yerli "Freyja" anti-ballistik müdafiə sistemini və onun üçün nəzərdə tutulan raketləri təqdim edib. Zelenskinin sözlərinə görə, yeni sistemin döyüş şəraitində ilk tətbiqi artıq 2026-cı ilin sonuna qədər baş tuta bilər.
Emmanuel Makron həmçinin qeyd edib ki, Kiyevin müttəfiqləri Rusiya ilə gələcəkdə əldə oluna biləcək mümkün atəşkəs razılaşmasından sonra Ukraynada yerləşdirilməsi planlaşdırılan çoxmillətli sülhməramlı qüvvələrin hazırlanması barədə razılığa gəliblər. Bu məqsədlə yaxın vaxtlarda Ukrayna ilə həmsərhəd ölkələrin ərazisində birgə hərbi təlimlərə başlanılacaq.
Rasim
"AzPolitika.info"

Şərhlər