Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı açıqalmaları Qərb mediasında da diqqətlə qarşılanıb.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “Big Energy News” nəşrində bu tədbirlə bağlı məqalə dərc edilib. Amerika nəşri Azərbaycan başçısının siyasətilə ABŞ Prezidentinin fikirləri arasında paralellər apararaq, “İlham Əliyev Azərbaycanı yenidən böyük etmək istəyir”, - deyə bildirib.
Nəşr qeyd edir ki, Azərbaycanla enerji tərəfdaşlığı Donald Trampın liderliyini gücləndirir. Məqalənin müəllifi Xavyer Manjarres yazır: "Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp kimi, neft və qaz sənayesinin inkişafına sadiqdir və ölkənin enerji təsirini genişləndirməklə "Azərbaycanı yenidən böyük etmək" prinsipini effektiv şəkildə həyata keçirir."
Nəşr qeyd edir ki, İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxış edərək ABŞ ilə bu yaxınlarda bağlanmış, dəyəri 8 milyard dollardan çox olan enerji müqaviləsindən danışıb. “Big Energy News”-a görə, bu müqavilə Donald Trampın ABŞ-nin enerji dominantlığını gücləndirmək strategiyasının vacib elementinə çevrilə bilər.
Florida ştatının qubernatorluğuna namizəd, respublikaçı konqresmen Bayron Donalds da Vaşinqton və Bakı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. "Baydenin rəhbərliyi altında dörd çətin ildən sonra Amerikaya qlobal səhnədə yenidən hörmət edildikdə vəziyyət belə görünür. Prezident Trampın liderliyi sayəsində biz enerji dominantlığımızı artıran və Amerika sənayesini gücləndirən yeni tərəfdaşlıqlar yaradırıq", - Donalds “Big Energy News”a bildirib.
Göründüyü kimi, Şuşa Qlobal Media Forumu getdikcə beynəlxalq gündəmdə müzakirəyə çıxarılan önəmli tədbirlərdən birinə çevrilir və Azərbyacan Prezidentinin sözügedən tədbirdəki açıqlamaları ölkəmizi istəməyənlərlə yanaşı, onun tərəfdaşları tərəfindən də diqqətlə izlənilir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər