Rusiyanın tanınmış jurnalisti və media meneceri Kseniya Sobçak ətrafında növbəti böyük qalmaqal yaşanır. "Black Mirror" haker qruplaşması və "VÇK-OGPU" teleqram kanalı Sobçaka məxsus olduğu iddia edilən bir neçə şəxsi və gizli yazışmanın ekran görüntülərini (skrinşotlarını) yayıb. Sızdırılan məlumatlar Rusiya mediasında və siyasi kulisində ciddi rezonans doğurub.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, sızdırılan yazışmalar Sobçakın həm Rusiya hakimiyyətinin rəsmi ruporları, həm də Ukrayna rəhbərliyi ilə gözlənilməz əlaqələrini ortaya qoyur.

Yayılan materiallara görə, Sobçak ölkədəki yanacaq böhranının işıqlandırılmasına görə Kremlin nəzarətindəki "Dialoq" təşkilatının rəhbəri Vladimir Tabak qarşısında bəraət qazanmağa çalışır. Eyni zamanda, o, rəhbərlik etdiyi "Ostorojno, novosti" nəşrinin baş redaktoru Sergey Titovu yanacaq böhranı ilə bağlı paylaşımlara görə sərt şəkildə danlayır.

Lakin ən diqqətçəkən məqam Sobçakın Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andriy Yermakla olduğu iddia edilən yazışmasıdır. 2022-ci ilin martına – Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərə təsadüf edən bu yazışmada "Yermak" adlı kontakt Sobçakı "ağıllı" adlandırır və "onun nəsə fikirləşib tapacağını" bildirir. Jurnalist isə öz növbəsində Ukraynadakı müharibədən sonra işləməyin çətinliyindən gileylənir.

Rusiyanın dövlət təbliğatçısı Vladimir Solovyov da bu sızmalardan dərhal istifadə edərək teleşousunda Sobçakı və onun anası, senator Lyudmila Narusovanı Rusiyaya qarşı "sui-qəsddə" və Ukraynaya məlumat ötürməkdə ittiham edib.

"Mojem obyasnit" nəşrinin baş redaktoru Maksim Qlikin hesab edir ki, sızdırılan yazışmalar böyük ehtimalla həqiqətdir. Onun sözlərinə görə, bu yazışmalar Sobçakın Rusiyadakı statusu ilə bağlı mifi darmadağın edir:

"Kseniya Sobçakın hər kəslə, o cümlədən Putinin özü ilə yaxın olduğu (onun xaç qızı hesab edildiyi üçün) barədə bir mif var idi. Lakin bu yazışmalar göstərir ki, hətta ən aşağı səviyyəli məmurlar belə onunla kobud danışır, ona göstərişlər verir və rədd cavabı verirlər. Sobçak isə yalnız öz tabeçiliyində olanların üstünə qışqıra bilir. Onun arxasında dayanan 'çətir' heç də düşünüldüyü qədər yüksək ranqlı deyilmiş".

Mütəxəssislərin fikrincə, bu sızma sıradan bir haker hücumu deyil, Sobçakı sıradan çıxarmaq üçün güc strukturları tərəfindən idarə olunan məqsədyönlü kampaniyadır.

Analitiklər qeyd edirlər ki, Solovyovun ittihamları sadəcə prosesin görünən tərəfidir və qərar çox güman ki, daha yüksək kabinetlərdə verilib. Bu qalmaqalın Sobçakın idarə etdiyi media resurslarının müstəqilliyinə inanan auditoriyanın ciddi şəkildə azalmasına səbəb olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, iyulun 8-də Sobçak rəhbərlik etdiyi media holdinqin teleqram kanallarının sındırıldığını və şəxsi yazışmalarının ələ keçirildiyini etiraf etsə də, sonradan bu barədə paylaşımları silməyə üstünlük verib.

Rasim Əliyev

"AzPolitika.info"