IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə ölkəmizin xarici siyasət prioritetlərini deyil, həm də müasir dünyanın geosiyasi reallıqlarına Azərbaycanın baxışını əks etdirən mühüm strateji tezislərdir.
"AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Komitə sədri vurğulayıb ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq məkanına çevrilib:
"Dünyanın onlarla ölkəsindən media nümayəndələrinin və beynəlxalq təşkilatların bir araya gəlməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, ölkəmizə olan etimadın və həyata keçirilən siyasətin nəticəsidir. Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə məhz yerində nümayiş etdirilməsi informasiya müstəvisində həqiqətlərin çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır".
Sadiq Qurbanov qeyd edib ki, dövlət başçısı çıxışında ölkəmizin formalaşdırdığı nəqliyyat-logistika siyasətinə xüsusi diqqət ayırıb:
"Bu gün ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı tranzit mərkəzinə çevrilib. Bunun əsasında isə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, müasir infrastrukturun yaradılması və qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq dayanır. Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirir".
Deputat forumda toxunulan mühüm məqamlardan birinin də Azərbaycan-Türkiyə münasibətləri olduğunu xatırladıb:
"“Bir millət, iki dövlət” fəlsəfəsi bu gün artıq strateji müttəfiqlik səviyyəsində özünü göstərir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib və regionda sülhün, təhlükəsizliyin və sabitliyin əsas təminatlarından birinə çevrilib".
Komitə sədri Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki ikili standartları sərt tənqid etməsinə də toxunub:
"Azərbaycanın suveren hüquqlarının bərpasına görə bəzi beynəlxalq qurumların nümayiş etdirdiyi qərəzli münasibət hüququn deyil, siyasi maraqların üstün tutulduğunu göstərir. Azərbaycan isə bundan sonra da bütün münasibətlərini beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında quracaq".
Sadiq Qurbanov enerji təhlükəsizliyi məsələlərinin də xüsusi aktuallıq kəsb etdiyini deyib:
"Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edən etibarlı tərəfdaşdır. Eyni zamanda bərpaolunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin enerji strategiyasını yeni mərhələyə çıxarır. Yaşıl enerji gündəliyinə verilən töhfələr də Azərbaycanın qlobal məsuliyyətə sadiqliyini nümayiş etdirir".
Sonda komitə sədri vurğulayıb ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın artıq beynəlxalq gündəliyin formalaşmasına təsir edən ölkələr sırasında olduğunu bir daha sübut etdi.
"AzPolitika.info"

Şərhlər