Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən qadağan olunmuş təşkilatlar siyahısına daxil edib. Bununla yanaşı, London daha iki hərbi-siyasi struktura qarşı analoji sanksiyanı tətbiq edib.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Ancela İql parlamentə göndərdiyi məktubda bu qərarın səbəblərini açıqlayıb.

Nazir qeyd edib ki, rəsmi London Krallıq ərazisində SEPAH-la birbaşa əlaqəli olan, insanların həyatına təhlükə yaradan və hədə-qorxu xarakteri daşıyan fəaliyyətlər aşkarlayıb. Britaniya rəsmilərinin bəyanatına görə, SEPAH-ın fəaliyyətinə Böyük Britaniya ərazisində qəsdən adamöldürmə təhdidləri, şantaj və digər düşmənçilik hərəkətləri daxildir.

SEPAH-la yanaşı, Britaniya hökuməti pro-İran yönümlü "Haqq Yolunun Tərəfdarlarının İslam Hərəkatı" (IMCR) qruplaşmasının və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (QRU) "Könüllülər Korpusu"nun fəaliyyətini qadağan edib.

Məlumata görə, İrana bağlı IMCR qruplaşması Böyük Britaniyada yəhudi obyektlərinə qarşı silsilə hücumlarda, o cümlədən sinaqoqların, yəhudilərin "Hatzola" xilas etmə xidmətinə məxsus avtomobillərin və farsdilli "Iran International" telekanalının binasının yandırılmasında ittiham olunur.

London, həmçinin hesab edir ki, Rusiyanın "Könüllülər Korpusu" Böyük Britaniya və digər Avropa ölkələrinə qarşı diversiya və təxribat xarakterli fəaliyyətlərdə birbaşa iştirak edir.

Təhqiqatçı jurnalistlərin araşdırmalarına görə, bu "Könüllülər Korpusu" 2023-cü ildə "Redut" özəl hərbi şirkətinin bazasında yaradılıb və QRU tərəfindən idarə olunur. Onun tərkibinə QRU-nun xüsusi briqadaları ilə əlaqəli onlarla muzdlu bölmələr daxildir.

SEPAH, IMCR və QRU-nun "Könüllülər Korpusu"nun qadağan olunmuş təşkilatlar siyahısına salınması o deməkdir ki, bundan sonra Böyük Britaniyada bu strukturlara hər hansı yardım göstərilməsi, onlara dəstək çağırışları və ya onlardan mənfəət əldə edilməsi birbaşa cinayət məsuliyyəti yaradacaq.

Rasim

"AzPolitika.info"