Türkiyə futbolunun və milli komandasının unudulmaz simalarından olan Nihat Kahveci barəsində şok qərar verilib. Keçmiş ulduz futbolçu həyat yoldaşı Fulya Kahveciyə fiziki şiddət tətbiq etdiyi iddiası ilə polis tərəfindən saxlanılıb.

"AzPolitika" qardaş ölkə mediasına istinadən xəbər verir ki, hadisə ötən axşam baş verib.

Məlumata görə, Nihat Kahveci evli olduğu Fulya Kahveci ilə birlikdə restorana gedib. Ailə üzvləri arasında başlayan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.

İttihama əsasən, mübahisə zamanı idarəetməni itirən keçmiş futbolçu həyat yoldaşına şillə vurub və ona doğru şüşə qab atıb. Ətrafdakıların müdaxiləsindən sonra hadisə yerinə polis çağırılıb.

Həyat yoldaşına qarşı zorakılıq tətbiq etdiyi iddia olunan Nihat Kahveci hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal gözaltına alınaraq polis şöbəsinə aparılıb. Məişət zorakılığı faktı ilə bağlı prokurorluq tərəfindən rəsmi araşdırma başladılıb.

Hazırda hadisənin şahidləri və tərəflərin ifadələrinin alınması prosesi davam edir.

Türkiyə futbolunun ulduzunun karyerası və qalmaqalları

Nihat Kahveci Türkiyə futbolunun ən parlaq simalarından biridir. İllərlə "Beşiktaş", İspaniyanın "Real Sociedad" və "Villarreal" klublarında göstərdiyi performansla Avropada adından söz etdirən Kahveci, Türkiyə milli komandasının tarixi uğurlarında (DÇ-2002 bürünc və AVRO-2008 bürünc medalları) müstəsna rol oynayıb. Futbolçu karyerasını bitirdikdən sonra o, televiziya kanallarında tanınmış idman şərhçisi kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, bu, N.Kahvecinin ailə daxili məsələlərlə bağlı gündəmə gəldiyi ilk qalmaqal deyil. Daha əvvəl keçmiş həyat yoldaşı Pınar Kaşgörenlə boşanma prosesindən sonra məhkəmə onun uşaqlarına psixoloji təzyiq göstərdiyi iddiası ilə keçmiş futbolçunun övladlarına yaxınlaşmasına qadağa qoymuşdu.

Türkiyə ictimaiyyətində və idman camiəsində böyük rezonans doğuran bu son hadisənin hüquqi nəticələri yaxın saatlarda bəlli olacaq.

Rasim

"AzPolitika.info"