Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın enerji infrastrukturuna endirdiyi silsilə zərbələr nəticəsində Rusiya Federasiyasında neft emalının həcmi son 20 ilin ən aşağı səviyyəsinə enib. Ölkədə kəskin yanacaq qıtlığı başlayıb, bəzi regionlarda talon sisteminə bənzər məhdudiyyətlər tətbiq olunur.

"AzPolitika" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “EA Analytics” şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Məlumata görə, cari ilin iyul ayında Rusiyadakı neft emalı zavodlarında (NEZ) gündəlik orta hesabla cəmi 3,91 milyon barel neft emal olunub. Bu cür aşağı göstərici sonuncu dəfə 21 il əvvəl – 2005-ci ilin martında qeydə alınmışdı. Hazırkı emal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik təxminən 1,4 milyon barel azdır.

Rusiya hakimiyyəti neft emalına dair rəsmi statistikanı məxfiləşdirsə də, ekspertlər zavodların fəaliyyətini peyk görüntüləri və digər dolayı göstəricilər əsasında tam ifşa edə biliblər. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları da böhranı təsdiqləyir; agentliyin hesablamalarına görə, iyun ayında Rusiyada gündəlik emal həcmi cəmi 3,8 milyon barel təşkil edib.

“Bloomberg”in Moskva və Kiyevin açıq mənbələrdə yaydığı məlumatlar əsasında apardığı hesablamalara görə, son 100 gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft-qaz infrastrukturuna təxminən 50 dəfə effektiv zərbə endirib. Nəticədə ölkədə fəaliyyət göstərən 34 iri neft emalı zavodundan azı 24-ü ciddi zədələnib və ya fəaliyyətini tamamilə dayandırıb.

Daxili bazarda yanacaq kollapsının qarşısını almaq üçün Rusiya hökuməti dizel yanacağının əsas hissəsinin ixracını iyulun sonunadək qadağan edib. Bu məhdudiyyət daha əvvəl benzin və aviasiya kerosininin ixracına tətbiq olunan qadağalara əlavə edilib. Beləliklə, Rusiya qlobal yanacaq bazarından tamamilə təcrid olunmağa başlayıb.

Yanacaq qıtlığı artıq Rusiyanın demək olar ki, bütün regionlarını iflic edib. Bəzi vilayətlərdə benzin doldurma məntəqələrində xaotik növbələrin qarşısını almaq üçün benzin avtomobillərin dövlət qeydiyyat nişanlarının (nömrələrinin) son rəqəmlərinə uyğun olaraq – növbəli və məhdudiyyətlə satılır. Novosibirsk vilayətinin rəhbərliyi isə yanacaq çatışmazlığı və nəqliyyat problemindən qaçmaq üçün şirkətlərə əməkdaşlarını yenidən məsafədən (online) iş rejiminə keçirməyi tövsiyə edib.

Rusiyadakı daxili panikanın miqyasını göstərən daha bir maraqlı fakt axtarış sistemlərində qeydə alınıb. “The Bell” nəşri “Yandex Wordstat” xidmətinə istinadən yazır ki, təkcə iyun ayında rusiyalı istifadəçilər axtarış sistemində “benzini ev şəraitində necə hazırlamaq olar” ifadəsini 17 mindən çox dəfə axtarıblar.

Rasim

"AzPolitika.info"