
Heydər Əliyev: "Şuşa - Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir"
2022-ci ilin oktyabr ayında Milli Məclisin Elm və təhsil komitəsinin iclasını Şuşada keçirdik. Çıxışımda Şuşanı "Kreativ şəhər" adlandırdım. Şübhəsiz ki, anlayışı işlətməkdə mütaliəm və müqayisəli təhlilim köməyimə gəlmişdi.
"Kreativ şəhər"lər ötən əsrin 90-cı illərindən öyrənilir və sosiologiyada anlayış kimi xüsusi yer turur. "Kreativ şəhər" nə deməkdir? Şəhər landşaftının hər detalında öz tarixi gizlənir, bu da şəhərin pozitiv yenilənməsinə kömək edir. İstənilən şəhərin hissi xarakteristikası önəmlidir. Onun rəngi, səzi, iyi və obrazlarının cərgəsi olur... Şəhərin indiviudallağı var, emosiyası var, özünün dirçəlişi və çöküşü var. Şəhəri bu anlayışlar vasitəsilə xarakterizə edəndə şəhər canlı orqanizm kimi anlaşılır. Şəhərin dirçəliş dövrü başlayıb. Bəli, Şuşa kreativ şəhərdir.
Şuşanın təhsil mühitini 117 il bundan əvvəl Yusif Vəzir Çəmənzəminli belə təsvir edib: "İmtahan verib Realnı məktəbin birinci hazırlıq sinfinə daxil oldum. O vaxt bu məktəbə girmək türk arasında böyük şərəf sayılırdı. Şuşadakı Realnı məktəb tədris və təhcizatı etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı. Mükəmməl fizika kabinəsi, böyük kitabxanası vardı".
Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada türk hissəsində birinci olaraq qiraətxana və kitabxana təşkil etdi.
Ümummilli Lider Heydər Əliyev 1982-ci il ilin yanvar ayının 24-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdir. Heydər Əliyev zamana böyük önəm verən şəxsiyyətdir. Qarlı-boranlı qışda onun Şuşa şəhərinə getməsi yaddaşlarda əbədi olaraq həkk olunub.
Şuşa işğal olunanda heç cür rahatlıq tapa bilmədik. Şəhər işğaldan azad olunduqdan sonra onu müharibədən yorulmuş, taqətdən düşmüş kimi görmüşdüm.
Vaqifin görkəmi çox miskin və acıqlı idi. Xarabalar arasında qol-budağı qırılmış bir ağac kimi görünürdü. Məğlubiyyətin lal-kar bir şahidi kimi durmuşdu. İndi məqbərə Böyük Zəfərimizə şahidlik edir.
“Biz qalib gəldik!”
Suverenliyimizin tam bərpası, güclənən ordu və nüfuzlu Liderin sayəsində biz heç zaman Şuşanı qaşqabaqlı görməyəcəyik.
Kreativ şəhərdə Qələbənin memarı, Prezident İlham Əliyev növbəti Qlobal Media Forumunu keçirdi...
Forumun adı çox maraqlıdır: “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”. IV Şuşa Qlobal Media Forumu 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirakı ilə keçirildi. Sülh və həqiqətin bir yerdə yoğrulması metafizik istəkdir. Və biz bu məqama yetişmişik...
Əlbəttə ki, Rəbərin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu sevimli şəhərimizin intellektual tarixinə qızıl hərflərlə yazıldı.
Prezidentin suallara cavabını sona qədər izlədik.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Con Neşin maraqlı bir fikri var: "İstedadlı şəxslər sualdan əvvəl cavaba hazır olurlar, adi adamlar isə suala cavab verməyə cəhd göstərirlər."
Bütün dünya cənab İlham Əliyevin intellektinin və intuisyasının gücünə bir daha şahidlik etdi.
Prezident İlham Əliyevə bütün növ suallar verildi: görkəmli jurnalistlər və media mütəxəssisləri sualların hər birinə dolğun, məntiqli, məzmunlu cavab aldılar.
Dünya öyrənmək dünyasıdır. Öyrənənlərə xüsusi təşəkkür düşür!

Şərhlər