The National Interest: Azərbaycan və Türkiyə Avropaya gedən yeni enerji marşrutunun onurğa sütunu ola bilər
Türkiyə və Azərbaycan "Four Seas Initiative" ("Dörd dəniz təşəbbüsü") layihəsi sayəsində Avropanın yeni enerji təchizatı arxitekturasında həlledici rol oynamaq potensialına malikdir.
"AzPolitika" xəbər verir ki, bu barədə nüfuzlu "The National Interest" nəşri yazır.
Layihə Fars körfəzi, Xəzər, Aralıq və Qara dənizləri birləşdirəcək, Suriya və Türkiyədən keçən quru enerji dəhlizinin yaradılmasını nəzərdə tutur. Müəlliflərin planına əsasən, bu marşrut vasitəsilə Fars körfəzi ölkələri, İraq, Azərbaycan və perspektivdə Türkmənistanın neft-qaz resursları Hörmüz boğazı kimi riskli dəniz yollarından yan keçərək birbaşa Avropa bazarına çatdırılacaq.
Nəşr xüsusilə vurğulayır ki, Türkiyə artıq kifayət qədər inkişaf etmiş infrastruktura sahibdir. Bura Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, eləcə də Azərbaycan qazını bu gün Avropa üçün ən mühüm alternativ mənbələrdən birinə çevirən TANAP və TAP qaz kəmərləri daxildir.
Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması — xüsusilə Avropa İttifaqının Rusiya resurslarından asılılığı azaltmağa çalışdığı bir vaxtda — Türkiyənin regional enerji qovşağı (habı), Azərbaycanın isə Avropanın ən strateji enerji tədarükçülərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
"AzPolitika.info"

Şərhlər