1942-ci ildə Yaponiya qoşunları dünyanın ən böyük təbii kauçuk istehsalçısı olan Malayanı işğal etdi. Bu, ABŞ və Böyük Britaniya üçün sadəcə hərbi məğlubiyyət deyildi. Müdafiə sənayesi ciddi təhlükə ilə üz-üzə qaldı. Çünki kauçuk olmadan hərbi texnika və təyyarələr üçün təkərlər, müxtəlif möhürləyici hissələr, kabellər və minlərlə digər komponent istehsal etmək mümkün deyildi. Beləliklə, bir strateji resursa nəzarət gözlənilmədən milli təhlükəsizlik məsələsinə çevrildi.
Lakin kauçuk uğrunda mübarizə bundan xeyli əvvəl başlamışdı. Hələ XIX əsrin sonlarında Avropa dövlətləri Cənub-Şərqi Asiyadakı plantasiyalara nəzarət uğrunda rəqabət aparırdılar. Böyük Britaniya Malayya və Seylondakı müstəmləkələrini dünya kauçuk istehsalının mərkəzinə çevirərək özünə ciddi iqtisadi və strateji üstünlük qazandırmışdı.
Bu gün materiallar dəyişsə də, dünya siyasətinin məntiqi eyni qalır. İndi dövlətlər kauçuk əvəzinə litium, nadir torpaq metalları, kobalt və mikroçip istehsalı uğrunda rəqabət aparırlar. Məhz bu resurslar elektromobillərin, süni intellekt sistemlərinin, peyklərin, müasir elektronikanın və silahların istehsalı üçün həyati əhəmiyyət daşıyır.
Yüz il əvvəl olduğu kimi, mübarizə yalnız yataqlara sahib olmaqdan ibarət deyil. Xammalın emalına, istehsal zəncirinə və texnologiyalara nəzarət də eyni dərəcədə vacibdir. Bu baxımdan Çin nadir torpaq metallarının emalı sahəsində lider mövqeyə malikdir. ABŞ, Avropa İttifaqı və onların müttəfiqləri isə alternativ təchizat zəncirləri formalaşdırmaq üçün böyük investisiyalar yatırırlar.
Bu səbəbdən müasir dövrdə tətbiq edilən sanksiyalar, ixrac məhdudiyyətləri və kritik əhəmiyyətli resursların hasilatına yönələn investisiyalar sadəcə iqtisadi siyasət deyil. Bunlar vaxtilə kauçuk plantasiyaları uğrunda gedən geosiyasi rəqabətin müasir davamıdır.
Tarix göstərir ki, oyunun qaydaları dəyişmir, yalnız uğrunda mübarizə aparılan resurslar dəyişir. Dünən böyük dövlətlər kauçuk uğrunda rəqabət aparırdılar, bu gün isə litium və nadir torpaq metalları uğrunda mübarizə gedir. Hər iki halda üstünlüyü yalnız resursun hasilatına deyil, onun yataqdan yüksək texnologiyalı məhsula çevrilənədək bütün istehsal zəncirinə nəzarət edə bilən tərəf qazanır.
"AzPolitika.info"

Şərhlər