İran Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Trampa məxsus olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı daşınmaz əmlak obyektlərini potensial hərbi hədəflər siyahısına daxil etdiyini açıqlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalında yayımlanıb. Paylaşımda Trampın adı ilə bağlı olan bir sıra iri layihələrin adları qeyd edilib. Hədəf kimi göstərilən obyektlər arasında Dubayda yerləşən “Trump International Hotel & Tower”, Ciddədəki “Trump Plaza” və Ər-Riyadda inşa edilən “Trump Tower” də var.

Xatırladaq ki, iyul ayının əvvəlindən ABŞ ilə İran arasında münasibətlərdə gərginlik yenidən yüksəlməyə başlayıb. Tərəflər arasında aparılan sülh danışıqları isə faktiki olaraq dayanıb.

Bu dövrdə ABŞ kəşfiyyat orqanları Ağ Evə Donald Trampa qarşı mümkün sui-qəsd planları barədə bir neçə dəfə məlumat təqdim edib. İrəli sürülən ehtimallardan birinə əsasən, İranın NATO sammiti zamanı Amerika prezidentinə qarşı hücum təşkil etməyi planlaşdırdığı iddia olunub.

Donald Tramp həmin məlumatların doğruluğunu qəbul etməyərək onları təkzib edib. Bununla belə, o bildirib ki, əgər ona qarşı sui-qəsd həyata keçirilərsə, əvvəlcədən İranın bombalanması ilə bağlı göstəriş verib.

SEPAH-dan şok bəyanat: Trampın Yaxın Şərqdəki obyektləri hədəfə alındı - FOTO