ABŞ-da Ağ Evin telesufler (teleqraf) operatoru Prezident Donald Trampın çıxışlarında istifadə edəcəyi sözlərlə bağlı qanunsuz mərc etməkdə ittiham olunur. O, xidməti mövqeyindən istifadə edərək öncədən bildiyi mətnlər sayəsində böyük məbləğdə pul qazanmaqda şübhəli bilinir.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın CFTC (Əmtəə Fyuçersləri Ticarət Komissiyası) tənzimləyici qurumu və məşhur "Kalshi" proqnozlaşdırma platforması Ağ Evin əməkdaşı Qabriel Peres barəsində araşdırmalara başlayıb.

2016-cı ildən bəri Donald Trampın seçki kampaniyalarında və Ağ Evdə telesufler operatoru kimi çalışan Qabriel Peres, prezidentin çıxışlarında hansı spesifik sözlərin (məsələn, ölkə adları, iqtisadi terminlər və ya seçki şüarları) səsləndiriləcəyinə dair mərclər edib. Bu mərclər "Kalshi" platformasındakı xüsusi "Söz bazarı" bölməsində həyata keçirilib.

Məlumata görə, Peres prezidentin hazırlanan çıxış mətnlərinə birbaşa çıxışı olduğu üçün hansı ifadələrin mütləq işlədiləcəyini öncədən bilib və bundan şəxsi qazanc məqsədilə istifadə edib. "Kalshi" platformasının analitikləri bəzi mərclərdə qeyri-adi aktivlik aşkar etdikdən sonra istifadəçi profilini yoxlayıblar. Araşdırma zamanı həmin şəxsin Ağ Evin rəsmi əməkdaşı olduğu və illik 175 min dollar maaşla prezidentin texniki müşaviri postunu tutduğu müəyyən edilib.

"Kalshi" platformasının hüquq şöbəsinin rəhbəri Robert DeNol bildirib ki, şübhəli əməliyyat dərhal qeydə alınıb və məsələ rəsmi tənzimləyici orqana ötürülüb. Peresin platformadakı hesabı dondurulub və o, qazandığı 90 min dollardan çox vəsaiti çıxara bilməyib.

Məsələyə rəsmi reaksiya verən Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, Prezident Donald Tramp hadisədən xəbərdardır. O, baş verənləri "rüsvayçılıq" adlandırıb. Hazırda rəsmi araşdırma davam etdiyi üçün Peres ödənişsiz məzuniyyətə göndərilib və onun Ağ Evdəki fəaliyyətinə tamamilə son qoyulacağı bildirilib.

Ekspertlər qeyd edirlər ki, proqnoz bazarlarının sürətli böyüməsi fonunda ABŞ-da dövlət rəsmilərinin insayd məlumatlardan istifadə edərək bu cür mərclər etməsi halları tənzimləyici qurumların diqqət mərkəzindədir.

Rasim Əliyev

"AzPolitika.info"