Bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi və rəqəmsal platformaların məsuliyyətinin artırılması istiqamətində yeni hüquqi addımlar atılır. Azərbaycanda da bu istiqamətdə qəbul edilən yeni qaydalar azyaşlıların internet mühitində təhlükəsizliyinin təmin olunmasını hədəfləyir. Bununla yanaşı, qanunun real həyatda necə işləyəcəyi, yaşın necə yoxlanılacağı və texniki nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar da gündəmdədir.

Dünya ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan yaş məhdudiyyətləri hansı üsullarla tətbiq olunur və bu təcrübələrdən hansıları Azərbaycan üçün uyğun hesab oluna bilər?

Azərbaycanda yeni qaydaların praktik icrası necə təmin ediləcək, yaşın yoxlanılması və valideyn nəzarətinin gücləndirilməsi üçün hansı mexanizmlərin tətbiqi nəzərdə tutulur?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, qanunvericilik hazırlanarkən bu istiqamətdə bir çox ölkələrin təcrübəsi müqayisəli şəkildə öyrənilib və nəzərə alınıb.

Onun sözlərinə görə, qanunun tətbiqi real həyatda müəyyən problemlər yarada bilər: “Bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər prosesi gizlətməməli, əksinə, onun fəal iştirakçısı və nəzarətçisi olmalıdırlar. Çalışmalıyıq ki, bu qanun effektiv şəkildə həyata keçirilsin. Bir tərəfdən uşaqlar müəyyən risklərdən qorunsun, digər tərəfdən isə proqramlaşdırma və informasiya texnologiyaları ilə maraqlanan istedadlı uşaqların inkişafına maneə yaradılmasın. Onların bu sahədə araşdırma aparmasına və biliklərini artırmasına məhdudiyyət qoyulmamalıdır”.

Deputat vurğulayıb ki, burada söhbət daha çox uşaqların yaşlarına uyğun olmayan proqramlardan və zərərli məzmunlu platformalardan qorunmasından gedir: “Araşdırma və bilik əldə etməyə yönəlmiş fəaliyyətlərdə isə valideynlər düzgün nəzarət və tənzimləmə həyata keçirməlidirlər ki, uşaqlar bu imkanlardan səmərəli istifadə edərək özlərini gələcəyə hazırlaya bilsinlər. Bu, onların gələcəkdə startapların yaradılması və digər innovativ layihələrdə uğur qazanması üçün daha yüksək bilik və bacarıqlara yiyələnməsinə şərait yaradacaq.”

Oğuz Ayvaz  

"AzPolitika.info"