Ukrayna Silahlı Qüvvələri Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yerləşən neft bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. 

"AzPolitika" xbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın başlayıb. Hadisə ilə bağlı məlumatı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Telegram" kanalında təsdiqləyib.

Vorobyov bildirib ki, gecə saatlarında Moskva vilayəti PUA hücumuna məruz qalıb və dronlardan birinin neft bazasının ərazisinə düşməsi nəticəsində yanğın baş verib. Onun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yanğınsöndürənlər və digər operativ xidmətlər cəlb olunub, alovun lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, hücum zamanı iki nəfər xəsarət alıb. Təhlükəsizlik məqsədilə hadisə yerinin yaxınlığında yerləşən doğum evi təxliyə olunub, əraziyə giriş məhdudlaşdırılıb. Yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

Açıq mənbələrdə yayılan məlumata əsasən, hücuma məruz qalan Noqinsk neft bazasında benzin, dizel yanacağı və kerosinin saxlanılması və daşınması üçün istifadə olunan 24 yanacaq çəni yerləşir. Obyekt Moskva vilayətinin yanacaq logistikasında mühüm infrastruktur hesab olunur.

Hücuma görə məsuliyyəti hələlik Ukrayna rəsmiləri rəsmi şəkildə öz üzərinə götürməyib. Bununla belə, son aylarda Ukrayna ordusu Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli PUA hücumlarını intensivləşdirib və bu cür zərbələrin Rusiyanın yanacaq-logistika imkanlarını zəiflətməyə yönəldiyi bildirilir.

Elman

"AzPolitika.info"