Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Kotovsk şəhərində "Wildberries" logistika mərkəzinə edilən hücum yeddi işçinin həyatına son qoyub.

"AzPolitika" xəbər verir ki, bu barədə regionun qubernatoru Yevgeni Perveşov bildirib.

Yevgeni Perveşovun sözlərinə görə, hücum zamanı gecə növbəsində çalışan yeddi əməkdaş həyatını itirib: "Düşmən PUA-larının "Wildberries"in logistika bazasına zərbə endirməsi səbəbindən gecə növbəsində çalışan 7 işçi vəfat edib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara lazımi köməkliyin göstəriləcəyini bildirirəm".

İlkin məlumata əsasən, insident zamanı daha 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Tambov və Kotovsk şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıb və onların müalicəsi davam etdirilir.

Hadisədən dərhal sonra əraziyə təcili tibbi yardım briqadaları, yanğınsöndürmə xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunub.

Qubernator deyib ki, hazırda hadisə yerində təhlükəsizlik tədbirləri davam etdirilir: "Hadisə yerinə operativ şəkildə təcili yardım maşınları, yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. "Wildberries" anbarının ərazisində açıq yanğının qarşısı alınıb, yanğının söndürülməsi işləri davam edir".

Elman

"Azpolitika.info"