Ötən gün Bakı və Sumqayıt polisi narko-ticarətə qarşı daha üç əməliyyat keçirib. Sumqayıt Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Çingiz Səfxanovdan 2 kiloqram 200 qram marixuana aşkarlayıblar.Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları isə Sabirabad rayon sakini Nağı Həmidovdan 5 kiloqram 100 qram marixuana müsadirə ediblər.
Eyni gündə daha bir əməliyyatı Binəqədi polis əməkdaşları keçirib. Axar.az xəbər verir ki, rayonun 5-ci polis bölməsinin əməliyyatçıları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovdan 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş "Mauzer" markalı tapanca, 8 ədəd patron və 1 ədəd patron darağı götürüblər. Hər üç fakt üzrə istintaq gedir.
Onu da qeyd edək ki, mübarizə tədbirlərinin bu səviyyəyə qaldırılmasının Daxili İşlər naziri general polkovnik Ramil Usubovun sərt xəbərdarlığı ilə birbaşa bağlı olduğu da bildirilir. Xatırladaq ki, "AzPolitika.İnfo"-nun özəl mənbələrə istinadən verdiyi məlumata görə, bir-neçə ay öncə rayon polis rəislərinin və zabitlərinin iştirakı ilə keçirilən iclaslardan biində Ramil Usubov polis orqanlarının il ərzində aşkarlayıb dövriyyədən çıxardığı narkotikin həcminin satışa çıxarılan narkotik vasitələrin kiçik bir hissəsini təşkil etdiyini açıqlamış və mübarizənin sərtləşdirilməsi üçün konkret tələblər irəli sürmüşdü.
R.Usubov bildirmişdi ki, hansı səbəbdən olursa-olsun, narkotik ticarətinə şərait yaradan, göz yuman və ya bu haqda əməliyyat məlumatına reaksiya verməyən polis rəisləri və zabitləri sərt şəkildə cəzalandırılacaq. “Əzizlərimin canına and içirəm ki, belələrini bağışlamayacağam”, - deyə Usubov xəbərdarlıq etmişdi.
Son aylar narko-ticarətə qarşı əməliyyatların artması da nazirin bu sərt xəbərdarlığı ilə izah edilir.
Vaqif
"AzPolitika.info"

Şərhlər