İyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Federal Kansler Fridrix Merts arasında baş tutan yüksək səviyyəli görüş, iki ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni - strateji müstəviyə qaldırdı. Liderlər “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”ni və “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə”ni imzalayıblar.

Əslində mart ayına planlaşdırılan, lakin Yaxın Şərqdə (İran ətrafında) yaşanan hərbi gərginlik səbəbindən iyul ayına təxirə salınan bu səfər, həm məzmunu, həm də verdiyi geosiyasi mesajlar baxımından xüsusi xarakter daşıyır.

Bəyannamə nə vəd edir?

İmzalanmış Strateji Bəyannamə sadəcə iki tərəfli niyyət protokolundan ibarət deyil. Sənəddə diqqət çəkən əsas məqamlar Bakı və Berlinin gələcək fəaliyyət xəritəsini müəyyən edir. Belə ki:

-Tərəflər BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Avropa Konvensiyasına sadiqliklərini, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörməti bir daha bəyan ediblər. Almaniya Azərbaycanın regionda yaratdığı yeni reallıqları tam şəkildə dəstəklədiyini rəsmiləşdirib;

-Sənəddə 2025-ci ilin 8 avqustunda Vaşinqton Zirvə Görüşünün nəticələrinə və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasına xüsusi istinad edilir. Berlin Cənubi Qafqazda davamlı sülhün tərəfdarı olduğunu açıq bəyan edir;

-Almaniya Aİ-nin aparıcı dövləti kimi Azərbaycan–Aİ Tərəfdaşlıq Prioritetlərinin yenilənməsini və mövcud dialoq mexanizmlərinin tam işə salınmasını dəstəkləyir;

-Ticarət və sərmayələr üzrə Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi, Biznes Şurasının qurulması, bərpaolunan enerji, "yaşıl hidrogen", su ehtiyatlarının idarə olunması və Orta Dəhliz çərçivəsində logistikanın gücləndirilməsi əsas hədəf seçilib;

-Regional təhlükəsizlik, humanitar minatəmizləmə, narkotik və insan alverinə qarşı mübarizə, müdafiə sənayesi və hərbi akademiyalar arasında təcrübə mübadiləsi sənədin vacib hissəsidir.

Mətbuat konfransında çıxış edən Federal Kansler Fridrix Merts səfərin baş tutmasının vacibliyini qeyd edərək, hər iki ölkənin qlobal münaqişələrdən (Yaxın Şərq və Rusiyanın Ukraynadakı müharibəsi) təsirləndiyini, lakin yeganə çıxış yolunun danışıqlar olduğunu vurğulayıb:"Cənab Prezident, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş münaqişəni bununla aradan qaldırmaq fürsəti yaranır. Almaniya və Avropa İttifaqı bu regionda davamlı sülhdə çox maraqlıdır".

Enerji məsələlərinə toxunan Kansler, Almaniyanın qaz idxalını şaxələndirmək niyyətində olduğunu və Cənubi Qaz Dəhlizinin (xüsusilə Cənubi Almaniya üçün) böyük əhəmiyyət daşıdığını qeyd edib: "Azərbaycan enerjini istehlak etdiyindən daha çox istehsal edən azsaylı ölkələrdəndir və bizim üçün olduqca maraqlı tərəfdaşdır."

Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında iki ölkə arasında artıq rəsmən strateji dialoqun başladığını bəyan edib. Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət gösterir və imzalanan sənədlər bu dinamikanı daha da artıracaq.

Prezident Əliyev Cənubi Qafqazda yaranmış yeni reallıqlardan və Bakının sülh prosesindən dərhal sonra atdığı praktiki addımlardan danışıb:"Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda Prezident Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması 30 illik münaqişəyə son qoydu. Azərbaycan dərhal praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi geniş vüsat alıb - bu günə qədər 40 min tondan çox tranzit yük keçib."

Enerji, Avropa banklarının səhvi

Mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandıran liderlər xüsusilə energetika və nəqliyyat infrastrukturuna toxunublar.

"Reuters" agentliyinin sualını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu ildən Almaniyaya qaz ixracına başlayıb (Almaniya şirkətləri ilə 10 illik müqavilə çərçivəsində ilkin həcm 1,5 milyard kubmetrdir). Keçən il Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr olub və bunun yarısı Aİ-yə göndərilib.

Dövlət başçısı qaz həcmlərinin daha da artırılması üçün TANAP və TAP kəmərlərinin genişləndirilməsinə ehtiyac olduğunu, lakin Avropa İnvestisiya Bankı kimi qurumların "yaşıl gündəlik" adı altında neft-qaz layihələrinə maliyyəni kəsməsinin yanlış addım olduğunu vurğulayıb:"Yaxın Şərqdə böhran dərinləşir, ənənəvi təchizat zəncirləri qırılıb, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə bağlı Rusiya bazara istədiyi qədər neft məhsulu çıxara bilmir. Bu şəraitdə Avropa bankları öz qərarlarına yenidən baxmalıdırlar ki, neft-qaz infrastrukturu genişləndirilsin. Belə olacağı təqdirdə, Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər".

AZƏRTAC-ın sualını cavablandıran dövlət başçısı və Kansler Merts nəqliyyat dəhlizlərinin önəmini qeyd ediblər.Prezident Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, bu bölgə ilə Avropa arasında əvəzolunmaz körpü rolunu oynayır.

Berlin görüşünün nəticələri göstərir ki, Avropanın aparıcı sənaye və iqtisadi mühərriki olan Almaniya Cənubi Qafqaz regionuna baxışını daha praqmatik və strukturlaşdırılmış prinsiplər əsasında formalaşdırır. Bu çərçivədə region ölkələri ilə münasibətlərin analizi Bakının nədən əsas strateji mərkəzə çevrildiyini aydın göstərir.

Cənubi Qafqaz konteksti - siyasi sabitlik və praktiki resurslar

Almaniyanın region ölkələri ilə münasibətlərində fərqli prioritetlər nəzərə çarpır. Ermənistanla əlaqələr daha çox siyasi dəstək və institusional islahatlar üzərində cəmləndiyi, Gürcüstanla münasibətlər isə son dövrlər Aİ-yə inteqrasiya tempi və daxili siyasi dinamikalar fonunda müəyyən pauza mərhələsi yaşadığı halda, Azərbaycanla əlaqələr birbaşa strateji və iqtisadi nəticələrə söykənir. Bakı Berlin üçün regionda yalnız diplomatik tərəfdaş deyil, həm də iri layihələri icra etmək gücündə olan sabit icraçı tərəfdir.

Rusiya qazından imtinadan və Yaxın Şərqdə dərinləşən böhranlardan sonra Almaniya enerji bazarının sabitliyini qorumaq üçün təchizat mənbələrini şaxələndirməyə məcburdur. Azərbaycanın bu ildən etibarən Almaniyaya birbaşa qaz ixracına başlaması (10 illik müqavilə ilə) və xam neft tədarükünü sürətləndirməsi Bakını Berlin üçün həyati əhəmiyyətli enerji tərəfdaşı edir. Bərpaolunan enerji və "yaşıl hidrogen" layihələrinin gündəliyə gəlməsi isə bu tərəfdaşlığı uzunmüddətli perspektivə daşıyır.

Azərbaycanda 200-dən çox alman şirkətinin fəaliyyət göstərməsi və Berlin görüşündə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin artıq institusional müstəviyə keçdiyini göstərir. Almaniya investisiyalarının Azərbaycanın qeyri-neft sektoruna, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpasına və sənaye parklarına yönəlməsi istiqamətində atılan addımlar iki ölkə arasındakı ticarət dövriyyəsini dəfələrlə artırmaq potensialına malikdir.

Qlobal nəqliyyat marşrutlarının kəsildiyi bir şəraitdə Avropa üçün Şərq-Qərb tranzit dəhlizinin təhlükəsizliyi ön plana çıxır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu sıx inteqrasiya və inkişaf etmiş logistik infrastrukturu (Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) Almaniya sənayesi üçün "Orta Dəhliz"i ən etibarlı marşrut edir. Bakı bu zəncirdə təkcə tranzit ölkə kimi deyil, Avropa ilə Mərkəzi Asiya arasında birləşdirici qovşaq kimi çıxış edir.

Beləliklə, imzalanmış Strateji Bəyannamə Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi, enerjidaşıyıcı və logistik dayağının məhz Azərbaycan olduğunu konstatasiya edir. Bu razılaşma Avropa İnstitutlarının regiona baxışında pragmatizmin ön plana keçdiyini və Bakının geosiyasi çəkisinin artdığını bir daha sübut edir.

E.Rüstəmli

“AzPolitika.info”