Ötən gecə Ukrayna PUA-ları Krasnodar və Nevinnomısskdakı “Wildberries” logistika mərkəzlərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, şirkətin təsisçisi Tatyana Kim bu barədə mediada dərc olunan məlumatları təsdiqləyib.
O bildirib ki, dron hücumundan əvvəl işçilər təxliyə edilib, lakin hücum nəticəsində xəsarət alanlar var. O, həmçinin “Wildberries” tərəfdaşlarına müraciət edərək qeyd edib ki, vəziyyətlə bağlı bütün yenilənmiş məlumatlar satıcı portalında yerləşdiriləcək.
"Yalnız rəsmi mənbələrə istinad edin", - iş adamı çağırış edib.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Krasnodardakı anbara edilən hücumda on nəfərin yaralandığını bildirib. Stavropolun rəhbəri Vladimir Vladimirovun sözlərinə görə isə Nevinnomısskdakı anbar kompleksinə edilən dron hücumunda beş işçi yaralanıb. Dünən gecə dronlar Armavirdəki neft anbarına da hücum edib və anbarda yanğın baş verib. Yanğın 800 kvadrat metr ərazini əhatə edib. Bir nəfər ölüb.
Hücuma məruz qalan “Wildberries” anbarları şirkətin ən böyük anbarları arasındadır. Sahəsi 150.000 kvadratmetr olan Krasnodardakı obyekt şirkətin anbarları arasında dördüncü, sahəsi 120.000 kvadratmetr olan Nevinnomyssk mərkəzi isə altıncı yerdədir. Bundan əvvəl Ukrayna dronları Moskva yaxınlığındakı Elektrostal və Tambov bölgəsindəki Kotovskdakı “Wildberries” logistika mərkəzlərinə hücum etmişdi. Kotovskda yeddi nəfər həlak olmuş, 24 nəfər yaralanmışdı. Elektrostalda bir işçi həlak olmuş, 50-dən çox insan yaralanmışdı. Bu hücum şirkətin bütün logistika potensialının təxminən 9%-ni sıradan çıxarıb. Üst-üstə bu hücumlar nəticəsində “Wildberries”-dəki ziyan 2 milyard dollara yaxın qiymətləndirilir. Qeyd edək ki, anbarlarda külli miqdarda malı batan və ziyana düşən sahibkarlar arasında xeyli sayda azərbaycanlılar da var.
“Wildberries” şirkətinin təsisçisi Tatyana Kim ziyan görən sahubkarlara kompensasiya ödəmək imkanlarını araşdırdığını bildirib. Lakin “Forbes”-in qeyd etdiyi kimi, bunun üçün şirkətin bir illik mənfəətinə bərabər məbləğ tələb olunacaq ki, buna da gediləcəyi ağlabatan deyil. Həmçinin, hücumlardan bir neçə gün əvvəl, iyulun 7-də “Wildberries” dron hücumları, raketlər və digər sursatlar nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımadığını rəsmi müqavilə şərtlərinə salıb.
“AzPolitika.info”

Şərhlər