Rusiya hakimiyyəti neft gəlirlərinin azalması və cəbhədəki canlı qüvvə tükənməsi fonunda 250 mindən 500 minə qədər vətəndaşını məcburi qaydada səfərbər edərək Ukrayna cəbhəsinə göndərmək variantını masaya qoyub. Qərb mediasında cəbhədə "sınma nöqtəsi"nin yaşandığı və təşəbbüsün Ukrayna Silahlı Qüvvələrinin (USQ) əlinə keçdiyi iddia edilsə də, birbaşa cəbhə xəttindəki real mənzərə tamamilə fərqli dinamikadan xəbər verir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşrinin baş redaktoru, Ukrayna müharibəsini diqqətlə izləyən tanınmış hərbi analitik Yulian Röpke "Nastoyaşee Vremya" telekanalına verdiyi həcmli müsahibəsində ətraflı məlumat verib.

Bu hərbi təhlillər Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskini gözlənilmədən istefaya göndərərək onun yerinə general Mixail Drapatıyı təyin etməsi, həmçinin keçmiş Müdafiə naziri Mixail Fyodorovun tərəfdarlarının kütləvi etirazları fonunda açıqlanıb.

"Sınma nöqtəsi" mifi: Sırski və Zalujnı haqlı idilər?

Mütəxəssis Qərb mediasının cəbhədə "dönüm nöqtəsi" yarandığına dair nikbin iddialarını rədd edərək, Ukrayna ordusunun həm keçmiş, həm də daha əvvəlki Baş komandanlarının dəyərləndirmələrinə istinad edib: "Sırski hücumda əsaslı dönüşdən danışmağın çox tez olduğunu, Zalujnı isə Ukraynanın qalib gəlmədiyini, Rusiyanın isə uduzmadığını bildirmişdi. Mən bu məsələdə hər iki generalın fikri ilə tam razıyam. Bəli, Ukrayna Rusiya ərazisindəki logistikaya - cəbhə xəttindən 50 ilə 100 kilometr dərinlikdə olan obyektlərə, yanacaq və silah depolarına kütləvi zərbələr endirir. Bu, Rusiyanın ön xətdəki imkanlarına təsir edir, onları zəiflədir və irəliləyişini ləngidir. Lakin biz birbaşa cəbhə xəttində 2022-ci ilin payızında və qışında olduğu kimi Ukraynanın geniş əraziləri azad etməsi meylini görmürük".

Röpkenin sözlərinə görə, Rusiya qoşunlarının irəliləyiş sürəti keçən illə müqayisədə kəskin azalıb. Əgər 2025-ci ildə Rusiya ayda 400–550 kvadrat kilometr ərazi zəbt edirdisə (və bu sürətlə belə Donbası tutmaq üçün illər lazım gəlirdisə), hazırda bu göstərici ayda cəmi 50–100 kvadrat kilometrə düşüb.

Hücumun əsas istiqamətlərinə gəlincə, onun sözlərinə görə, ruslar Seversk tərəfdən (Slavyansk və Kramatorsk istiqamətində) irəliləməyə çalışırlar.

Cənubda Rusiya kəşfiyyat-diversiya qrupları Orexova doğru hərəkət edir. Moskva 15–20 km dərinliyə sızdığını iddia etsə də, bu real nəzarət deyil, sadəcə nəzarətsiz "boz zona"dır.

USQ-nin lokal təşəbbüsə sahib olduğu yeganə ərazi Donetsk şəhərindən 115 km cənub-qərbdə yerləşən Volnovaxa rayonunun Komar kəndi ətrafıdır. Digər bütün ərazilərdə "boz zona" yavaş-yavaş Ukraynanın nəzarətində olan "göy zona"ya doğru sürüşməkdə davam edir.

Şəhərlərdəki real vəziyyət və dron təhlükəsi

"Bild"in baş redaktoru Rusiya rəhbərliyinin — şəxsən Vladimir Putin və onun mətbuat katibi Dmitri Peskovun "Konstantinovka artıq götürülüb" bəyanatlarını faktlarla təkzib edib: "Konstantinovka şəhərinin təxminən üçdə bir hissəsi (1/3) hələ də tam olaraq Ukrayna ordusunun nəzarətindədir. Rusiya şəhəri tutduğunu nümayiş etdirmək üçün 1-2 nəfərlik kiçik qruplarla bayraq qaldırmaq manevrləri edir. Şəhərin qalan 2/3 hissəsi isə 'qırmızı' (Rusiya nəzarəti) və 'boz zona' arasındadır. Burada hər iki tərəfin yüzlərlə əsgəri binaların zirzəmilərində, quyularda və keçmiş səngərlərdə üz-üzə mövqe tutublar. Dronların intensivliyi səbəbindən A nöqtəsindən B nöqtəsinə hərəkət etmək hər iki tərəf üçün ölümcül riskdir".

Liman şəhərinin böyük hissəsi hələ də Ukraynanın nəzarətindədir. Rus əsgərləri müxtəlif məhəllələrə sızıb bayraq qaldırsalar da, dərhal məhv edilirlər. Lakin Röpke xəbərdarlıq edir ki, ilin sonunadək Liman da tam şəkildə daxildən parçalanaraq "boz zona"ya çevrilə bilər.

Rusiya mövqeləri Slavyansk və Kramatorsk kimi strateji şəhərlərdən 11–12 km şərqdə yerləşir. Əgər Ukraynanın logistik zərbələri olmasaydı, ruslar noyabr-dekabr aylarında şəhərlərə çatacaqdı. İndiki şəraitdə isə ilin sonuna qədər rusların 5–6 km məsafəyə qədər yaxınlaşması gözlənilir.

"Məsafənin 5-6 kilometrə enməsi ölümcüldür. Bu məsafədən optik-lifli kabel ilə idarə olunan (25 km nəzəri, 15 km praktiki mənzilə malik) Rusiya FPV-dronları şəhərin istənilən nöqtəsini vura bilir. Xersonda olduğu kimi, Kramatorsk və Slavyanskda da mülki şəxslər, kafelər və avtomobillər birbaşa Rusiyanın dron ovuna çevriləcək," – deyə analitik qeyd edib.

"Qala qurşağı" və itki nisbətləri

Ukraynada "Baxmut qalası" dövründən yaranan və Konstantinovka, Drujkovka, Slavyansk, Kramatorsk, Liman xəttini əhatə edən "Qala qurşağı" anlayışını təhlil edən hərbi analitik paradoksal bir məqama diqqət çəkib.


Şəhərlər Ukrayna üçün əsas logistika və dron buraxılış mərkəzidir. Lakin ruslar şəhərin içine daxil olan kimi Ukraynanın bütün müdafiə üstünlükləri ləğv olunur. Rusiya ordusu açıq ərazidə irəliləməyə çalışarkən Ukrayna ilə müqayisədə 10 dəfə çox itki verir. Yəni bu ərazilərdə itki nisbəti Ukraynanın 1 hərbçisinə qarşı Rusiyanın 10 hərbçisi şəklindədir (1:10).

Ancaq rus qoşunları yaşayış məntəqələrinə daxil olduqdan sonra bu üstünlük itir və itki nisbəti demək olar ki, bərabərləşir (1:1). Çünki hər iki tərəf binaların xarabalıqlarında və zirzəmilərində eyni şəraitdə mübarizə aparır.

Röpke bildirir: "Məsələn, Pokrovskda ruslar şəhərin 8 kilometrliyinə gəlmək üçün tam 1 il vaxt sərf etdilər, lakin şəhərə daxil olduqdan sonra cəmi 1 ay ərzində eyni məsafəni qət etdilər. Xarabalıqlar ruslar üçün təhlükəsiz sığınacaq olur. Onlar ağır texnikalarını və 'Nona-S', 'Grad' sistemlərini həmin binaların arasında gizlədirlər".

Canlı qüvvə çatışmazlığı və dəyişən taktika

Mütəxəssis həm Ukrayna, həm də Rusiya ordusunda kəskin görünən şəxsi heyət çatışmazlığını müqayisə edib: "Ukrayna ordusunda qəribə mənzərə hakimdir. Cəbhə xəttindən bir az geridə olan yaşayış məntəqələrində, blokpostlarda minlərlə Ukrayna hərbçisi görmək olar. Onlar tərk edilmiş evlərə yerləşirlər. Lakin birbaşa səngərlərə və ön xəttə getdikcə hərbçi sayı kəskin azalır. Zirzəmilərdə təcrid olunmuş azsaylı qruplar qalır. Bu, sadəcə insan həyatını qorumaq strategiyası deyil, ön xətdə piyada çatışmazlığının real göstəricisidir.

Rusiya ordusuna gəldikdə, əvvəllər Oçeretino və Selidovoda yüzlərlə əsgərlə 'insan dalğaları' hücumları təşkil edilirdisə, son 6 ayda Rusiya maksimum 2–5, ən çoxu 10 nəfərlik kiçik şturm qruplarından istifadə edir. Bundan başqa, cəbhədə artıq 'Abrams', 'Leopard' və 'Challenger 2' tankları görünmür. Hər iki tərəfin PUA-ları cəbhəni o qədər sıx bürüyüb ki, hər hansı zirehli texnika sütunu dərhal məhv edilir. Ukraynanın iri əks-hücuma keçmək üçün kifayət qədər canlı qüvvəsi yoxdur".

Kremlin qarşısındakı iki yol: Səfərbərlik, yaxud texnoloji terror?

Müstəqil Rusiya mənbələrinə və Dövlət Dumasındakı sızmalara istinad edən Yulian Röpke bildirir ki, Rusiya rəhbərliyi hazırda ciddi yol ayrıcındadır.


2025-ci ildə Rusiya Müdafiə Nazirliyi və Ukrayna kəşfiyyatı (Budanov) müqavilə əsasında 409 min könüllünün orduya cəlb edildiyini bildirmişdi. Ayda orta hesabla 33 min insan pul üçün müharibəyə gedirdi. Hazırda bu göstərici kəskin şəkildə aşağı düşüb və ayda 33 min nəfərlik kvota dolmur.

Kremlin masasındakı ssenarilər:

Rusiya piyada qıtlığını kütləvi PUA-lar, "İskəndər" ballistik raketləri və idarəolunan təyyarə bombaları (KAB) ilə əvəzləməyə çalışır. Ukrayna cəbhəsində "Patriot" və HHM sistemlərinin azalmasından istifadə edən Rusiya, arxa cəbhədəki logistikanı ballistik raketlərlə vuraraq piyada hücumunun yerini doldurmaq istəyir.

Əgər raket terroru nəticə verməzsə, payızda 250 mindən 500 minə qədər rusiyalının məcburi səfərbər edilməsi haqqında fərman imzalanacaq. Amma bu qərarın da çox ciddi riskləri var.

Məlumdur ki, məcburi səfərbər edilən şəxslərin toplanması, təlim keçməsi və birbaşa cəbhə xəttinə çatdırılması ən azı 6 ay vaxt tələb edir. Şübhəsiz ki, birdəfəlik 50 min avro ödəniş və aylıq təxminən 4 min avro maaş alan könüllü müqaviləli hərbçilərdən fərqli olaraq, məcburi qaydada cəbhəyə göndərilənlərin döyüşmək motivasiyası demək olar ki, sıfır səviyyəsində olur. Məcburi səfərbərlik baş tutacağı təqdirdə, Rusiya ordusu da hazırda Ukraynanın qarşılaşdığı kütləvi fərarilik, xidmətdən yayınma və itaətsizlik böhranı ilə üz-üzə qalacaq.

"Bild"in baş redaktorunun analizinə görə, yaxın aylarda cəbhədə böyük sarmallar və mexanikləşdirilmiş iri hücumlar baş verməyəcək. Rusiya çox ləng və nəhəng itkilər bahasına "boz zonalar"ı genişləndirməyə, Ukrayna isə Rusiya dərinliklərinə və logistikasına zərbə vurmaqla Rusiyanın səfərbərlik resurslarını tam tükəndirməyə çalışacaq.

Rasim Əliyev

"AzPolitika.info"