Menu

AZƏRBAYCANDA XARİCİ İŞÇİLƏRƏ TƏLƏBAT NİYƏ ARTIR? –Səbəblər AÇIQLANDI

15.09.2026, 10:38
AZƏRBAYCANDA XARİCİ İŞÇİLƏRƏ TƏLƏBAT NİYƏ ARTIR? –Səbəblər AÇIQLANDI

Azərbaycanda əmək fəaliyyəti üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşlarının sayının çox olması ölkənin əmək bazarında xarici kadrlara olan ehtiyacı gündəmə gətirir. Tikinti, sənaye, xidmət və digər sahələrdə xarici işçilərin çalışması bəzi istiqamətlərdə yerli mütəxəssis çatışmazlığının olduğunu göstərir. Digər tərəfdən, xarici kadrların sayının artması yerli işçilərin əmək bazarındakı imkanları və rəqabət mühitini də aktuallaşdırır. Bu tendensiyanın uzunmüddətli perspektivdə Azərbaycan əmək bazarına necə təsir edəcəyi isə əsas suallardan biridir.

Xarici işçi qüvvəsinə artan tələbat Azərbaycanda hansı sahələrdə kadr çatışmazlığının daha ciddi olduğunu göstərir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda əmək fəaliyyəti üçün iş icazəsi alan əcnəbilərin sayında Türkiyə vətəndaşlarının əhəmiyyətli paya malik olması əmək bazarında bir sıra sahələr üzrə xarici kadrlara tələbatın yüksək olduğunu göstərir. Lakin bunu yalnız yerli kadr çatışmazlığı kimi qiymətləndirmək düzgün olmaz.

Onun sözlərinə görə, burada həm peşə və ixtisas uyğunluğu, həm əmək şəraiti, həm də işəgötürənlərin tələb etdiyi praktiki təcrübə amilləri rol oynayır: “Xarici işçi qüvvəsinə tələbatın daha çox tikinti, sənaye, mühəndislik, texniki ixtisaslar, İT və bəzi xidmət sahələrində müşahidə olunması həmin istiqamətlərdə əmək bazarının tələb etdiyi bacarıqlarla mövcud yerli kadr potensialı arasında müəyyən fərqin olduğunu göstərir. Xüsusilə sürətlə inkişaf edən və layihə əsaslı fəaliyyətin geniş olduğu sahələrdə şirkətlər hazır və təcrübəli mütəxəssisə daha çox ehtiyac duyurlar. Türkiyə vətəndaşlarının Azərbaycan əmək bazarında aktiv iştirakının ayrıca səbəbləri də var. Dil və mədəni yaxınlıq, biznes əlaqələrinin genişliyi, peşəkar təcrübənin uyğunluğu və Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr bu ölkədən olan mütəxəssislərə tələbatı artıran amillərdəndir. Buna görə Türkiyə vətəndaşlarının sayının çox olması avtomatik olaraq digər ölkələrdən və ya yerli kadrlardan üstün tutulduqları anlamına gəlmir”.


Ekspert qeyd edib ki, əsas məsələ xarici mütəxəssislərin cəlb olunmasını yerli insan kapitalının inkişafı ilə paralel aparmaqdır: “Əgər müəyyən sahədə xarici kadra ehtiyac davamlı xarakter alırsa, bu, həmin istiqamətdə peşə təhsili, ali təhsil və ixtisasartırma proqramlarının əmək bazarının real tələblərinə tam uyğunlaşmadığına işarə edə bilər. Uzunmüddətli perspektivdə məqsəd xarici işçi qüvvəsini məhdudlaşdırmaqdan daha çox, hansı ixtisaslar üzrə real çatışmazlığın olduğunu dəqiq müəyyənləşdirmək və həmin sahələr üzrə yerli kadr hazırlığını gücləndirmək olmalıdır. Əks halda, iqtisadiyyat böyüdükcə əmək bazarında tələb və təklif arasındakı uyğunsuzluq daha da dərinləşə bilər. Digər tərəfdən, xarici mütəxəssislərin iştirakı əmək bazarı üçün yalnız rəqabət elementi deyil, həm də bilik və texnologiya transferi imkanları yaradır. Əgər xarici kadrların təcrübəsi yerli mütəxəssislərin hazırlanması, mentorluq və yeni texnologiyaların mənimsənilməsi ilə müşayiət olunursa, bu proses Azərbaycan əmək bazarının keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər”.

E.Quliyev sonda əlavə edib ki, bu baxımdan, Azərbaycanda əsas prioritet “xarici və ya yerli işçi” seçimi deyil, əmək bazarının hansı bacarıqlara ehtiyac duyduğunun düzgün müəyyənləşdirilməsidir: “Ən ciddi kadr çatışmazlığı olan sahələr üzrə dövlət, təhsil müəssisələri və biznes arasında koordinasiya gücləndirilməli, əmək bazarının gələcək tələblərinə uyğun kadr hazırlığı həyata keçirilməlidir. Nəticə etibarilə, xarici işçi qüvvəsinə artan tələbat Azərbaycan iqtisadiyyatında müəyyən sahələrin sürətlə böyüdüyünü və həmin sahələrdə bacarıqlı insan kapitalına ehtiyacın artdığını göstərir. Bu tendensiya düzgün idarə olunarsa, xarici mütəxəssislər yerli əmək bazarı üçün rəqib olmaqla yanaşı, həm də təcrübə və texnologiya transferinin mənbəyinə çevrilə bilərlər. Əsas hədəf isə uzunmüddətli dövrdə yüksək ixtisaslı yerli kadrların sayını və rəqabət qabiliyyətini artırmaq olmalıdır”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol