“İki həftə əvvəl Bill Qeytsin Süni İntellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşmışdım. Dünən isə özüm bu inandırıcı fırıldaqçılığın şahidi oldum”.
“AzPolitika” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, 525-ci qəzetin Baş redaktoru Rəşad Məcid “Facebook” səhifəsində yazıb.
Baş redaktorun qeydlərini təqdim edirik:
“Əvvəl nazir müavinindən mesaj gəlir - normal nömrədən, ad-soyadı, şəkli də yerində.
“Salam, Rəşad müəllim, necəsiz?”
Hal-əhvaldan sonra deyirəm, zəng vurum, deyir, tədbirdəyəm, danışa bilmirəm. O yazır, mən cavablandırıram. Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.
Bir az keçir, “Akbar Azizov” yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim sizinlə danışıb? Görüşmək lazımdır.
Deyirəm, indi tədbirdəyəm, saat 4-ə bitər yəqin.
Saat 4-də zəng edirəm, cavab vermir.
Sonra özü zəng edir. Bu gün məşğulam, sabah zəng edərəm, - deyir.
Açığı, dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi.Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.
Bill Qeytsin inandırıcı fırıldaqçılarla bağlı xəbərdarlığı çox çəkmədi, gerçəkləşdi. İndi gözləyirəm, görüm kapitan Əzizov Əkbər Rafiq oğlu nə zaman zəng edəcək?
Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq.İctimailəşdirirəm ki, hələ belə hallarla üzləşməyənlər də hazırlıqlı olsunlar”.
Rasim
“AzPolitika.info”


Şərhlər