Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə yanaşı, onları dəstəkləyən məlumat mərkəzlərinin enerji və su istehlakı da artır. Araşdırmalar göstərir ki, bu infrastrukturun genişlənməsi karbon emissiyalarının yüksəlməsinə və ətraf mühitə əlavə yükün yaranmasına səbəb ola bilər. Azərbaycanda da rəqəmsallaşma və süni intellekt layihələrinin genişləndiyi bir dövrdə ekoloji amillərin nəzərə alınmasının vacibliyi müzakirə olunur. Bu baxımdan, texnoloji inkişafla ətraf mühitin qorunması arasında balansın necə qurulacağı aktual məsələlərdən biridir.

Azərbaycanda süni intellekt sahəsi inkişaf edərkən ekoloji təsirləri minimuma endirmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən ekoloq Cavid Hüseynov bildirib ki, rəqəmsal iqtisadiyyatın əsasını təşkil edən məlumat mərkəzləri və süni intellekt texnologiyalarının resurslara artan tələbatı ekoloji cəhətdən dayanıqlı rəqəmsal inkişaf modelinə keçidi qlobal zərurətə çevirib.

Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal transformasiya strategiyası çərçivəsində bu ekoloji yükün minimuma endirilməsi üçün sistemli addımların atılması vacibdir: “İlk növbədə ölkədə "yaşıl" məlumat mərkəzlərinin yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi prioritet olmalıdır. Bu məqsədlə yeni inşa ediləcək məlumat mərkəzləri birbaşa günəş və külək elektrik stansiyalarından enerji almalıdır. Abşeron və Qarabağ bölgələrinin bərpaolunan enerji potensialı bu istiqamətdə geniş imkanlar yaradır”.

Ekspert, həmçinin məlumat mərkəzlərində tətbiq olunan soyutma sistemlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, suyun təkrar dövriyyəsini təmin edən qapalı sistemlərin tətbiqi su sərfiyyatını 80 faizə qədər azalda bilər: “Yaşıl proqramlaşdırma” standartlarının tətbiqi də mühüm əhəmiyyət daşıyır. Süni intellekt modellərinin öyrədilməsi böyük həcmdə enerji tələb etdiyindən daha az hesablama gücü tələb edən, optimallaşdırılmış modellərin hazırlanmasına üstünlük verilməlidir. Bununla yanaşı, proqramçılar üçün enerji səmərəliliyinə dair təlimlərin təşviq edilməsi və proqram kodlarının resurs istehlakını ölçən alətlərdən istifadənin standartlaşdırılması məqsədəuyğundur”.

C.Hüseynov dövlət səviyyəsində ekoloji tənzimləmə mexanizmlərinin gücləndirilməsinin də vacib olduğunu bildirib: “Ölkədə fəaliyyət göstərən məlumat mərkəzləri üçün karbon izi üzrə limitlər müəyyən edilməli, onların beynəlxalq ekoloji standartlara uyğun fəaliyyəti təmin olunmalıdır. Eyni zamanda, dövlət satınalmalarında süni intellekt layihələrinin qiymətləndirilməsi zamanı enerji səmərəliliyi və karbon emissiyası əsas meyarlardan biri olmalıdır”.

Ekspert iri məlumat mərkəzlərinin yerləşdirilməsi məsələsinə də toxunaraq bildirib ki, belə obyektlər enerji şəbəkələrinə yaxın və təbii soyutma imkanları olan ərazilərdə qurulmalıdır: “Bundan əlavə, serverlərdən ayrılan istilik enerjisinin yaxınlıqdakı yaşayış binalarının və ya istixanaların qızdırılmasında istifadə olunması resurslardan daha səmərəli istifadəyə imkan verə bilər.

Maarifləndirmə və elmi tədqiqatlar da bu prosesin ayrılmaz hissəsidir. Universitetlər və elmi-tədqiqat institutları, xüsusilə coğrafiya və ekologiya sahəsində fəaliyyət göstərən qurumlar süni intellektin yerli ekosistemə təsirini mütəmadi araşdırmalı, optimallaşdırma modelləri hazırlamalıdır. Eyni zamanda, iri texnologiya şirkətlərinin enerji və su sərfiyyatı barədə illik ekoloji hesabatlar dərc etməsi şəffaflığın və ictimai məsuliyyətin artırılmasına xidmət edər".

"Nəticə etibarilə, Azərbaycanın rəqəmsal inkişafı yalnız texnoloji nailiyyətlərlə deyil, həm də “yaşıl rəqəmsallaşma” prinsiplərinə sadiqliyi ilə qiymətləndirilməlidir. Bu yanaşma həm qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verər, həm də ölkəmizi regionun davamlı texnologiyalar mərkəzlərindən birinə çevirə bilər”, – deyə ekspert əlavə edib.

Oğuz Ayvaz

"AzPolitika.info"