Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Prezident İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniyaya reallaşan rəsmi səfərini təhlil edən geniş məqalə ilə çıxış edib. Komitə sədri bu səfəri Azərbaycan-Almaniya münasibətlərinin tarixində yeni bir dönüş nöqtəsi kimi qiymətləndirib.

"AzPolitika" xəbər verir ki, millət vəkili dövlət başçısının Berlində ehtiramla qarşılanmasını, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibli görüşlərini, eləcə də digər yüksək rəsmilərlə danışıqlarını səfərin siyasi çəkisinin bariz göstəricisi olduğunu vurğulayıb.

Zahid Oruc bildirib ki, Almaniya hökumətinin rəsmi açıqlamasında danışıqların əsas mövzuları kimi enerji və xammal, Azərbaycan-Ermənistan sülh prosesi, beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət qeyd olunub.

"Səfərin siyasi əsası 2025-ci ilin dekabrında qoyulmuşdu"

Komitə sədri diqqətə çatdırıb ki, bu yeni mərhələnin siyasi əsası hələ 2025-ci ilin dekabrında qoyulmuşdu. Həmin vaxt Kansler Fridrix Merts Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyişi regional sabitlik üçün mühüm hadisə kimi dəyərləndirərək dövlət başçısını Almaniyaya səfərə dəvət etmişdi. Aynı zamanda, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də 2026-cı ilin mayında göndərdiyi məktubda Berlinin Azərbaycanla ikitərəfli münasibətləri genişləndirməkdə ciddi maraqlı olduğunu ifadə etmişdi. Zahid Oruc deyib ki, hazırkı səfər məhz bu ardıcıl qurulan siyasi dialoqun məntiqi nəticəsidir.

Almaniyanın Azərbaycana artan marağının səbəbləri nədir?

Zahid Orucun sözlərinə görə, Almaniyanın Azərbaycana marağının kəskin artmasını yalnız diplomatik münasibətlərin yaxşılaşması ilə izah etmək düzgün olmazdı. Rusiya–Ukrayna müharibəsi Avropanın enerji və təhlükəsizlik modelini köklü şəkildə sarsıdıb. Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi, Qara dənizdə hərbi risklərin artması və ənənəvi nəqliyyat yollarının etibarsızlaşması Avropanı alternativ enerji mənbələri və Şərq–Qərb dəhlizləri axtarmağa məcbur edib.

Millət vəkili əlavə edib ki, İran ətrafında davam edən hərbi-siyasi gərginlik, Yaxın Şərqdəki münaqişələrin genişlənmə təhlükəsi və Hörmüz boğazı ilə bağlı risklər Avropaya enerji təhlükəsizliyinin təkcə neft-qazın varlığı deyil, həm də həmin resursları daşıyan dövlətlərin sabitliyi və siyasi etibarlılığı məsələsi olduğunu sübut edir.

Komitə sədri bildirib ki, bu yeni çağırışlar Azərbaycanı Almaniya üçün xüsusi əhəmiyyətli dövlətə çevirir. Ölkəmiz həm Xəzər hövzəsinin enerji ehtiyatlarına malikdir, həm Avropaya uzanan müstəqil enerji infrastrukturunun əsas təminatçısıdır, həm də Orta Dəhlizin mərkəzi həlqəsidir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və TAP/TANAP kimi layihələr Azərbaycanın onilliklər ərzində Avropanın təhlükəsizliyinə xidmət edən etibarlı infrastruktur qurduğunu nümayiş etdirir.

Xammal məsələsi və iqtisadi gündəlik

Zahid Oruc vurğulayıb ki, Almaniya hökumətinin səfərin gündəliyinə enerji ilə yanaşı xammal məsələsini də daxil etməsi böyük məna kəsb edir. Alman sənayesi enerji daşıyıcılarına, metallara, kritik xammala, yeni bazarlara və etibarlı logistika yollarına ehtiyac duyur. Azərbaycan isə öz imkanları ilə yanaşı, Mərkəzi Asiyanın resurslarının Avropaya çıxarılmasında etibarlı körpü rolunu oynayır.

O xatırladıb ki, 2024-cü ilin fevralında Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi böyük biznes nümayəndə heyəti Azərbaycana səfər etmiş, İqtisadiyyat Nazirliyində investisiya və sənaye imkanları müzakirə olunmuşdu. Prezident İlham Əliyevin hazırkı rəsmi səfərinin başında Mixael Harmsla ayrıca görüşməsi siyasi dialoqla iqtisadi gündəliyin bir-birini tamamladığını göstərir.

İşğal illərindəki acı təcrübələr və keçmişin kölgələri

Deputat öz analizində bəzi tarixi faktları da xatırladıb. O bildirib ki, Almaniyanın bir sıra şirkətləri işğal illərində Qarabağda qanunsuz fəaliyyətlərdə iştirak ediblər:

Kənd təsərrüfatı cihazları ixrac edən Deutz-Fahr şirkəti;

Xocalıda 2008-ci ildən qeyri-qanuni hava yolları xidməti göstərilməsinə dəstək olan Thales Air Systems GmbH;

Ağır maşınlar təqdim edən Zeppelin Baumaschinen GmbH;

Yeraltı sərvətlərimizin istismarında iştirak edən Aurubis şirkəti.

Zahid Oruc həmçinin qeyd edib ki, Almaniyanın əvvəlki hökuməti 2023-cü ildən sonra "Qarabağda faktaraşdırıcı missiya" adı ilə müdaxiləyə cəhd edib, BQXK-nın fövqəladə yardım fəaliyyətləri üçün 2 milyon avro məbləğində maliyyə vəsaiti ayırıb. Vətən müharibəsi dövründə isə AfD (Almaniya üçün Alternativ) Partiyasının üzvləri Almaniya hökumətini Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

2020 və 2023-cü illərin gətirdiyi yeni reallıqlar

Bununla belə, komitə sədri vurğulayıb ki, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni reallığın qarşısını almaq mümkün olmadı. Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə separatçı rejimin mövcudluğuna son qoydu və 30 illik münaqişə sistemini dağıtdı.

Nəticədə regionun əsas gündəliyi müharibədən sülhə, işğaldan iqtisadi inteqrasiyaya keçdi. Almaniyanın maraqları sabit enerji və təhlükəsizlik üzərində qurulduğu üçün yeni reallığın müəllifi olan Azərbaycanla əməkdaşlıq Berlin üçün artıq qaçılmaz xarakter alır.

Zahid Oruc vurğulayıb ki, Azərbaycanın əhəmiyyətini artıran digər amil onun müstəqil siyasət yürütməsidir. Ölkəmiz Rusiya və İranla həmsərhəddir, Türkiyə ilə strateji müttəfiqdir, Aİ-nin enerji tərəfdaşıdır və Mərkəzi Asiya ilə dərin əlaqələri var. Lakin Bakı heç bir geosiyasi blokun qarşıdurma aləti olmayıb. Prezident İlham Əliyevin siyasəti xarici güclərin rəqabətini Azərbaycan ərazisinə daşımır, maraqlar balansını qoruyur. Bu cəsarətli siyasət Almaniya kimi sabitliyə ehtiyac duyan dövlətlər üçün böyük dəyər kəsb edir.

Berlin siyasətindəki iki fərqli cərəyan və Frank Şvabe faktoru

Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin səfərinin mühüm nəticələrindən biri münasibətlərin qərəzli ritorikadan üstün strateji mərhələyə keçməsidir.

O qeyd edib ki, son illərdə Almaniyada bəzi parlamentarilərin, xüsusilə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Frank Şvabe kimi siyasətçilərin Azərbaycana qarşı davamlı qərəzli mövqeyi, eləcə də müxtəlif QHT və lobbi qruplarının fəaliyyəti iki ölkə münasibətlərinə kölgə salmağa çalışıb. Lakin Berlin səfəri göstərdi ki, Almaniyanın rəsmi siyasəti bu dairələrin mövqeyi ilə müəyyən olunmur.

Millət vəkili Almaniya daxilində Cənubi Qafqazla bağlı iki fərqli yanaşmanın olduğunu diqqətə çatdırıb:

İdeoloji və humanitar ritorikaya söykənərək Ermənistanı dəstəkləyən siyasi qrupların fəaliyyəti;

Almaniyanın milli maraqlarından çıxış edərək Azərbaycanı Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz, yaşıl enerji və regional sabitlik baxımından əvəzedilməz tərəfdaş kimi görən xətt.

Zahid Oruc deyib ki, Prezident İlham Əliyevin Berlinə yüksək səviyyəli dəvəti məhz ikinci xəttin — milli maraqların üstün gəldiyini göstərən açıq siyasi siqnaldır.

Berlinin tarixi seçimi və gələcək perspektivlər

Deputat bildirib ki, 2023-cü ildən sonra Almaniyanın Ermənistanla siyasi əlaqələrinin intensivləşməsi, EUMA missiyasında fəal iştirakı və bəzi platformalarda Azərbaycana qarşı sərt bəyanatları Bakıda haqlı narazılıqlar doğurub. Lakin eyni dövrdə Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanımaqda davam edir.

Zahid Orucun fikrincə, Berlinin Cənubi Qafqaz siyasəti mühüm seçim qarşısındadır: Bir tərəfdə Ermənistanın hərbi-siyasi imkanlarını artırmaq və Aİ institutları vasitəsilə regiona birtərəfli təsir göstərmək cəhdləri, digər tərəfdə isə Almaniyanın uzunmüddətli milli maraqları — davamlı sülh, sabit nəqliyyat marşrutları və etibarlı enerji əməkdaşlığı durur. Berlinin real tərəfdaş kimi qəbul edilməsi üçün Azərbaycanın sülh gündəliyini dəstəkləməsi vacibdir.

Sonda komitə sədri vurğulayıb ki, hazırda Almaniya ilə yüksək texnologiyalar, yaşıl enerji, Qarabağın bərpası, Almaniya İnkişaf Bankının fəaliyyətinin genişləndirilməsi kimi konkret sahələr müzakirə olunur. Bütün məsələlərdə baxışlar tam üst-üstə düşməsə də, strateji tərəfdaşlığın mahiyyəti fikir ayrılıqlarını qarşıdurmaya çevirmədən idarə edə bilməkdir.

Zahid Oruc qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl dövlətçilik siyasəti, Vətən müharibəsindən sonra formalaşdırdığı yeni geosiyasi arxitektura və sülh gündəliyi Azərbaycanın Avropa ilə münasibətlərindəki yeni strateji mərhələnin açıq ifadəsidir.

“AzPolitika.info”