Dünya çempionatının yekunlaşmasından sonra turnirin nəticələri, çempion İspaniyanın uğurunun əsas səbəbləri və bu qələbədən çıxarılan nəticələr futbol ictimaiyyətində geniş müzakirə olunur. Mütəxəssislər və ictimai xadimlər müxtəlif aspektlərdən turniri təhlil edərək həm futbolun inkişaf istiqamətləri, həm də milli komandaların uğur formuluna dair fikirlərini bölüşürlər. 

Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, ictimai-siyasi xadim İltizam Yusifov da bu mövzuda geniş analitik yazı ilə çıxış edib. O, İspaniyanın dünya çempionluğunu yalnız idman nailiyyəti kimi deyil, milli ruhun, köklü futbol ənənələrinin, mədəniyyətin və düzgün futbol fəlsəfəsinin qələbəsi kimi qiymətləndirir. Müəllif eyni zamanda bu uğurun fonunda Azərbaycan futbolunun mövcud problemlərini təhlil edir, yerli məşqçilərə etimad, uşaq futbolunun inkişafı, futbol akademiyalarının gücləndirilməsi və milli yanaşmanın vacibliyi ilə bağlı fikirlərini bölüşür. 

"AzPolitika" həmin yazını qısa ixtisrla təqdim edir:

"Futbol üzrə Dünya Çempionatı bitdi. Bir aydan bir qədər artıq zaman kəsiyində futbolun gözəlliyindən zövq aldıq. İspaniya qalib gələrək 2010-cu ildəki uğurunu təkrarladı və ikinci dəfə Dünya Çempionu oldu. 

Bu sadəcə fiziki olaraq bir idman qələbəsi yox, həm də milli-mənəvi dəyərlərin güc üzərində qələbəsinin göstəricisi idi. İspaniyanın qələbəsi Milli ruhun idmanda təcəssümü idi. Sərgilənən ispan futbolu milli ruh və ispan mədəniyyəti ilə birbaşa əlaqəli idi. Onların oyununda Korrida, Don Kixot, Flamenko, Valeskes, Qoyya və s. milli ruhlar dolanırdı.

Konfutsi fəlsəfəsinə görə hətta iki nəfərin də söhbətindən nəticə çıxarmaq, dərs götürmək gərəkdır. 

İspanların qələbəsini təhlil etsək görərik ki, dodrudan da bu qələbə futbol sahəsində bir çox düşüncələri dəyişdi və bəzi məqamlara aydınlıq gətirdi:

1. İspanlar bir daha sübut etdilər ki, futbol kollektiv oyundur və milyonlarla dəyəri olan ulduzlar olmadan da bütün komandanı ulduza çevirmək olar.

2. İspanlar sübut etdilər ki, futbol tək fiziki qabiliyyət yox, həm bir elmdir və həm də böyük ağıl tələb edir.

3. İspanlar sübut etdilər ki, koklü mədəniyyət, milli köklərə bağlılıq, milli birlik və nizamlılıq sonda qələbə deməkdir.

İspan komandası tamam fərqli futbol fəlsəfəsi təqdim elədi. İspanlar ən güclü rəqibləri belə tam zərərsizləşdirə və oyuna tam diqtə etmək qabiliyyətini göstərdilər.

Yarımfinalda Fransa kimi favorit bir komanda 90 dəqiqə ərzində qapıya cəmi bir zərbə vura bildi. Yalnız əlavə 94-cü dəqiqədə Dembele qapıya doğru ikinci zərbəni vura bildi. 

Finalda futbol ulduzu Messinin kapitanı olduğu dünya çempionu Argentina isə 90 dəqiqə ərzində qapıya doğru ümumiyyətlə zərbə vura bilmədi. Daha doğrusu İspanlar buna imkan vermədilər. Messinın meydanda olması isə heç hiss olunmadı da.

İspanların oyunu onların milli mədəniyyətinə bağlı, milli düşüncələrində xüsusi yer tutan, ispan xarakterini formalaşdıran Korridanı xatırladırdı. Bəli hər oyunda İspan komandası Matador, rəqib komanda isə idarə olunmayan bir təhlükə, güclü bir öküzü xatırladırdı.

Korrida sadəcə bir öküz döyüşü, heyvana əziyyət və qan tokmək demək deyil. Düzdür ölüm və həyat korridanın iki ayrılmaz komponentidir. Korrida ispanların ruhudur. 

Korridanın fəlsəfəsi isə belədir:” İnsan bilir ki, idarə olunmayan bir təhlükə var və qaçılmazdır. Çağırışı qəbul etmək, ölüm və qorxu qarşısında təmkinini saxlamaq, təslim olmamaq.Təhlükəni (öküzü) ram və idarə edərək ona ləyaqətlə, ritmik, gözəl və dəqiq hərəkətlərlə qalib gəlmək.”

Məşhur İspan yazıçısı və filosofu Miqel de Unamuno Korridaya öz fəlsəfəsinin simvolu kimi baxırdı. İnsan ölümünü bilən yeganə varlıq olsa da yenə də ölüm qarşısında qalib gələrək yaşamaq istəyindədir. İnsan ölümcül təhlükəni gözəl hərəkətlərlə ram edərək qələbəni bir simvola çevirir. Möhtəşəm!

Məşhur İspan filosofu Xose Orteqa i Qasset isə deyir: "Korridaya təkcə idman və tamaşa kimi deyil, ispan cəmiyyətinin psixologiyasını göstərən mədəni fenomen kimi baxmaq lazımdır".

Kiçik bir bənzətmə etsək görərik ki, İspaniyada Matadorlar bu gün də fəaliyyətdədirlər. Baxmayaraq ki, Argentina da böyük dahilər - Kempes, Maradona, Messsi və s. yetişdirən təbii futbol məktəbidir, Argentinada həm də steyklik əti olan məşhur Anqus öküzləri yetişdirməkdə ixracatda da dünya liderlərindəndir. 

Bəli İspanlar Matador kimi oyunu (korridanı) uddular və Çempion oldular. Tam çılğınlığı ilə göstərdilər ki, ənənə böyük meyardır, xüsusən də bu gün də yaşan və əməl olunan ənənə.

İspaniya komandasının Baş Məşqçısı Luis de la Fuente isə xüsusi hörmətə layiqdir. 65 yaşlı baş məşqçi çempionat boyu emosiyalarına hakim olaraq öz soyuqqanlığını saxladı və aristokrak duruşu ilə daim diqqət mərkəzində oldu. De la Fuente Fransanın məşhur şərabçılıq bölgəsi olan Bordo kimi İspaniyanın əsas şərabçılıq bölgəsi olan Rioxanın Aro şəhərciyində anadan olub. Aro muxtar əyalət olan Basklar ölkəsi ilə iç-içədir, əhalisinin çoxu da basklardır. Luis de la Fuente də milliyyətcə baskdır.

Bu məqama təsadüfən toxunmadım. Basklar da İspanlardır. Lakin köklərinə olduqca bağlı insanlardır. De la Fuenteni fərqləndirən əsas cəhətlərdən biri də budur-millilik.

Mən Çempionatın əvvəlində, Turkiyənin Avstraliyaya məğlubiyyətindən sonra yazmışdım ki, Milli ruhu kənardan gətirmək olmur. Bu gün dünyada böyük məşqçi ordusu da formalaşıb. Onlar klublar səviyyəsində böyük transferlər hesabına hansısa yeniliklər edə bilirlər, lakin Milli Komanda formatında işləməyə o qədər də maraqlı deyillər. Çünkü vətəndaşı olduğu, köklü futbol ənənəsi və məktəbi olmayan ölkənin yığma komandası ilə işləmək olduqca böyük zəhmət tələb edir və istənilən uğursuzluq onların karyerasının sonu deməkdir.

Təhlillər göstərir ki, 1930-cu ildə kecirilən 22 Dünya Çempionatında qalib olkələrin komandalarının məşqçiləri elə həmin ölkənin nümayəndələri olublar. Bu dəfə də belə oldu. İspan Luis de la Fuente İspaniyanı Dünya Çempionu elədi.Yenə həmin Paradiqma özünü doğrultdu. 

Demək ən azı 2030-cu ilə qədər 100 il bu qanunauyğunluq qüvvədə qalacaq və heç şübhə etmirəm ki, hətta davam da edəcək. Çünki dediyim kimi “Milli Ruhu” kənardan gətirmək olmur və “Milli ruhu kommersiyalaşdırmaq olmur” paradiqması futbolda tam olaraq işləyir. Bu, bütün komandalar, Azərbaycan üçün xüsusilə bir dərs və yol xəritəsi olmalıdır. Yerli kadrlara yol açmaq, imkan vermək lazımdır.

Klub futbolu ilə yığma komanda oyunları tamam fərqli anlamlardır. Bizə təqdim olunan klub futbolu tam kommersiyalaşmış bir futboldur. Fəlsəfəsi isə belədir”Mənə bu oyunçuları alın, verin, mən onlardan komanda düzəldim, şou göstərim və nəticə verim”. 

Amma yığma komanda oyunu isə hər bir ölkənin əsil futbol səviyyəsini, uşaq futbolunun, futbol məktəblərinin səviyyəsinin göstərir. Milli futbol üçün məktəblər olmalıdır. Uşaq futbolu yüksək səviyyədə təşkil olunmalıdır. Artıq İspaniyada Barselonanın “La Masiya”, Real Madridin “La Fabrika” və s. futbol məktəblərində topla rəftarlıq öyrədilmirlər. Çünkü futbola həvəsi, qabiliyyəti, topla davranışı və fiziki hazırlığı olmayandan futbolçu ola bilməz. Bundan əlavə bu gün dünya açıqdır, texnologiyalar imkan verir ki, bütün məlumatlar artıq internet vasitəsilə aldı edilsin. Həmin məktəblər bu gün futbola elmi yanaşır və uşaqlara artıq 9 yaşından taktika öyrədirlər.

Bu ilki Çempionlar Liqasında ¼ oyunlarda “Barcelona” uduzdu, özüdə İspan klubuna, “Atletiko” Madridə. “Atletiko”nun baş məşqçisi də Argentinalı və oğlu da həm həmin oyunda, həm də dünya çempionatının final oyununda Argentinanın heyətində oynayan Simeone idi. “Barcelona” kommersiyalaşmış klub turnirində uduzanda hamı dedi ki, onlar hələ uşaqdırlar, yaş baxımından çox cavandırlar. Lakin milli baxımından həmin uşaqlar 2 ay sonra Dünya Çempionu oldular. İspaniya komandasının 31 %-i (8 oyunçu) məhz “Barcelona” uşaqları , “Barcelona” nın uşaq futbol Akademiyası “La Masiya”nın yetirmələri idi və qələbə qolunu vuran da "Barcelona"lı Ferran Torres idi.

Digər bir maraqlı məqam. 2024-cü ildə "Qızıl Top" mükafatı Rodriyə (Rodriqo Ernandes) veriləndə bütün şişirdilmiş ulduzlar: Vinisius, Mbappe və s. narazılıq edirdi. 


Bu gün Rodri "Manchester City" də uğurlu oyunu ilə yanaşı, 2024-də Avropa Çempionu, 2026-da dünya çempionu, Ispaniya millisinin kapitanı olaraq həm də 2026 Dünya Çempionatının ən yaxşı oyunçusu oldu. Heç bir reklamsız, təmkin və peşəkarlıqla özlərini sübut etdilər. Budur nəticə, budur millilik!

 Azərbaycan futbolu da inkişaf üçün yalnız bu prinsipləri rəhbər yumalıdır. Bu gün “Qarabağ”, “Zirə”, “Sabah” və s. komandaların adları milli olsa da, milli futbolu təmsil etmirlər. Komandaların əsas heyəti bütünlükdə leqionerlərdən ibarətdirsə, hansı milli futboldan danışmaq olar? Gedib Afrikadan küçədən uşaqları yığıb gətirməkdənsə, yerli uşaq futbolunu inkişaf etdirməli, futbol məktəbləri, Akademiyaları oyunçu yetişdirməli və ixrac etməlidir. Tutaq ki, əsas heyətdə oynayan leqionerləri başa düşdük. Bəs U-19 (19 yaşlı) yığma komandamızdakı nigeriyalılar da Azərbaycan gəncidirmi?

Bundan əlavə köhnə uğurları analiz etməli və yaxşı ənənələrə də hörmətlə yanaşaraq davam etdirmək lazımdır. Vaxtilə Azərbaycanlı uşaqlar keçmiş Sovetlər dönəmində “Dəri top” Ümumittifaq uşaq futbolu çempionatında, 1978-ci ildə Əli-Bayramlının (indiki Şirvan şəhəri) “Xəzər” komandası 10-12 yaş qrupunda, 1979-cu ildə isə Qubanın “Şahdağ” komandası 12-14 yaş qrupunda SSRİ çempionu olublar.

AFFA tərəfində də futbola, futbolun inkişafına münasibət kommersiya yox, milli baxışlar prizmasından olmalıdır. Onsuz da idmana, o cümlədən futbola dövlət dəstəyi həmişə vardır. Bu konteksdə Liqalara maliyə dəstəyi də düzgün formalaşdırmalıdır.Bu gün əsas dəstək Primyer Liqa komandalarınadır. Bəs maliyyə dəstəyinə daha çox ehtiyacı olan 1-ci , 2- ci liqa komandaları necə fəaliyyət göstərsin? AFFA ayrılan maliyyə resursları nisbətinı 3:2:1 nisbətində proporsional bölünməni təmin etməklə daha bütün liqaların(Primer liqa, 1 liqa, 2 liqa) fəaliyyətinə bərabər dəstək verməklə inkişafa nail olmaq mümkündür. Məlumdur ki, binanı yuxarıdan bünövrəyə tikmirlər, əvvəlcə bünövrə qoyulmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bu gün heç kim aşağı liqalara sponsorluq etmək istəmir. Əslində qanunvericilikdə də sponsorluqla bağlı problemlərimiz var. Hesab edirəm ki, gələcəkdə sponsorluqla bağlı sahibkarlıq subyektlərini motivasiya edən xüsusi qanunun qəbul edilməsi futbolun, bütünlükdə idmanın inkişafına böyük təkan verə bilər.