Azərbaycanın çimərlik voleybol millisinin 26-cı yerdən 17-ci pilləyə qədər qalxması inkişafın bariz göstəricisidir.

"AzPolitika" xəbər verir ki, bunu "Report"a açıqlamasında adıçəkilən yığmanın baş məşqçisi Atvars Vilde deyib.

Mütəxəssis milli komandanın İtaliyada təşkil olunan çimərlik voleybolu üzrə U-20 Avropa çempionatındakı çıxışından danışıb:

"Biz ildən-ilə yüksələn xətt üzrə inkişaf edirik. Bunu da meydanda göstərdiyimizi düşünürəm. Ötən il 26-cı yerdə qərarlaşmışdıqsa, bu il 9 pillə irəliyərək 17-ci olduq. Bu, bir daha göstərir ki, biz düzgün istiqamətdə iş aparırıq. Bəli, çox istərdik ki medalçılar sırasında olaq, lakin bu, bir az çətindir. Gələn il üçün medalçılar sırasına düşmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

O, turnirdəki rəqiblərin güclü olduğunu söyləyib:

"Rəqiblərimizdən Finlandiya Avropa reytinqində 6-cı sırada qərarlaşıb. Biz bu komandaya qalib gələ bildik. Norveç komandası son dünya çempionudur. Bu rəqiblə də başabaş mübarizə apardıq. Qalib gəldiyimiz rəqiblər asan komandalar deyildi. İstənilən halda, qarşıdakı turnirlərdə daha yaxşı nəticələr əldə edəcəyimizə əminəm".

Qeyd edək ki, İtaliyanın Battipaglia şəhərində keçirilən qitə birinciliyində Azərbaycan həm qızlar (Səbinə Əlizadə/Leyla Əliyeva), həm də oğlanların (İbrahim Məmmədov/Muhamməd Aslanlı) yarışında təmsil olunub.

Hər iki cüt mübarizəyə təsnifat mərhələsindən başlayıb. Səbinə Əlizadə/Leyla Əliyeva cütü Portuqaliya təmsilçilərinə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. İbrahim Məmmədov/Muhamməd Aslanlı tandemi isə təsnifat və əsas mərhələni uğurla keçərək pley-offa yüksəlib. Pley-offda Polşaya 0:2 hesabı ilə uduzan təmsilçilərimiz yarışı 17-ci pillədə bitiriblər.