Azərbaycanın müxtəlif şəhərlərində köhnə yaşayış binalarının sökülərək yerində müasir yaşayış komplekslərinin tikintisi davam edir. Bu proses zamanı mənzil sahiblərini düşündürən əsas suallardan biri kompensasiyanın hansı formada ödənilməsidir.

Qanunvericiliyə görə, ev sahibinin razılığı olduğu halda, pul kompensasiyası əvəzinə ona başqa mənzil təqdim edilə bilərmi? Bu məsələ ilə bağlı hüquqi tələblər nədən ibarətdir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda, xüsusilə Bakı şəhərində söküntü işləri əsasən iki istiqamətdə aparılır.

Onun sözlərinə görə, birinci istiqamət torpaqların dövlət ehtiyacları üçün alınmasıdır. Bu, yeni parkların salınması, avtomobil yollarının və kommunikasiya xətlərinin çəkilməsi kimi layihələrin həyata keçirilməsi məqsədilə həyata keçirilir. Belə hallarda vətəndaşların əmlakı qiymətləndirilir və onlara müvafiq kompensasiya ödənilir.

“İkinci istiqamət isə qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının tikinti şirkətləri tərəfindən sökülərək onların yerində yeni binaların inşa edilməsidir. Bu zaman köhnə binaların yerində yeni yaşayış kompleksləri tikilir və mənzil sahiblərinə əvvəlki mənzillərindən ümumi sahəsi daha böyük, tam təmirli mənzillər təqdim olunur. Bundan əlavə, tikinti şirkətləri yeni mənzillər təhvil verilənədək vətəndaşların kirayə və köç xərclərini də qarşılayır” - deyə, Elnur Fərzəliyev bildirib

Ekspert qeyd edib ki, vətəndaşın mənzili sökülərək yerində yeni bina tikildiyi hallarda ona təqdim olunan yeni mənzilin bazar dəyəri, orta hesabla, köhnə mənzilin dəyərindən iki dəfə yüksək olur: “Torpaqlar dövlət ehtiyacları üçün alındıqda isə söküntü dövlət qurumları tərəfindən həyata keçirilir və vətəndaşlara elə məbləğdə kompensasiya ödənilir ki, həmin vəsait hesabına başqa ərazidə mənzil almaq mümkün olsun.

İstənilən halda vətəndaşın mülkiyyət hüququ qorunur. Hər hansı ərazi dövlət ehtiyacları üçün sökülürsə, bununla bağlı müvafiq dövlət qurumlarının rəsmi qərarı olmalıdır. Eyni zamanda, köhnə çoxmənzilli yaşayış binalarının özəl tikinti şirkətləri tərəfindən sökülməsi üçün təkcə şirkətin sərəncam və qərarları kifayət etmir. Həmin binaların qəzalı vəziyyətdə olmasını təsdiq edən aidiyyəti dövlət qurumlarının rəsmi rəyi də olmalıdır.

Ekspert sonda əlavə edib ki, hazırda tikinti şirkətləri əsasən qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını və fərdi yaşayış evlərini sökərək onların yerində yeni tikililər inşa edirlər: “Əgər vətəndaşın yaşadığı bina qəzalı vəziyyətdədirsə, həmin bina birmənalı olaraq sökülməlidir”.

Oğuz Ayvaz

AzPolitika.info”