ABŞ-ın keçmiş prezidenti Donald Trampın 3-cü müddətə ölkəyə rəhbərlik etmək niyyətində olduğu barədə verdiyi sensasiyalı bəyanat beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Çünki ABŞ Konstitusiyası bir şəxsin 2 dəfədən artıq dövlət başçısı seçilməsini qadağan edir. Lakin hüquqi incəliklər Trampın yenidən prezident postuna gəlməsi üçün maraqlı bir qapı saxlayır.
"AzPolitika" xəbər verir ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişində məhz "seçilmə" məhdudiyyəti nəzərdə tutulur, yəni bir şəxs iki dəfədən çox prezident seçilə bilməz. Lakin ABŞ hüquq sistemində seçilmədən də prezident olmaq imkanları mövcuddur.
Ekspertlərin fikrincə, bu ssenarinin reallaşması üçün bir neçə addımın atılması kifayətdir:
Təsəvvür edək ki, növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədləri — məsələn, Cey Di Vens prezident, Marko Rubio isə vitse-prezident olaraq qələbə qazanır. Eyni zamanda respublikaçılar Nümayəndələr Palatasında da çoxtərəfli üstünlüyü ələ keçirirlər.
Nümayəndələr Palatası özünə spiker seçməlidir və ABŞ qanunvericiliyinə görə, spikerin hökmən palatanın üzvü olması şərt deyil. Çoxluğu əldə edən respublikaçılar spiker postuna Donald Trampı gətirirlər.
Bundan sonra prezident seçilmiş C.D.Vens və vitse-prezident M.Rubio ardıcıl olaraq istefa verirlər. ABŞ-nin varislik haqqında qanunvericiliyinə (Presidential Succession Act) əsasən, prezident və vitse-prezident postu boş qaldıqda dövlət başçısı səlahiyyətləri avtomatik olaraq Nümayəndələr Palatasının spikerinə - yəni Donald Trampa keçir.
Başqa sözlə, formal olaraq bir şəxs ABŞ-da yalnız 2 dəfə prezident seçilə bilsə də, müvafiq hüquqi mexanizmlərdən istifadə etməklə defakto olaraq dəfələrlə ölkəyə rəhbərlik etmək imkanı qazanır.
Rasim
"AzPolitika.info"

Şərhlər