2026-cı ilin ilk altı ayında Rusiya Müdafiə Nazirliyi ilə orduya qoşulmaq üçün təxminən 200.000 nəfər müqavilə imzalayıb. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının idarələrarası komissiyasının iclasında Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Müqayisə üçün, ötən yay Medvedev 2025-ci ilin yanvarından iyulun əvvəlinə qədər 210.000-dən çox rusiyalının ordu ilə müqavilə imzaladığını bildirmişdi. Bu o deməkdir ki, hətta Medvedevin rəqəmlərinə inansaq belə, bu il ötən ilin eyni dövrü ilə müqayisədə rus ordusuna azı 10.000 nəfər az əsgər qoşulub və Medvedev də bunu etiraf edir.

Medvedev həmçinin mümkün yeni səfərbərlik dalğası ilə bağlı məlumatları rədd edib. Onun sözlərinə görə, bu cür açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur və bu, informasiya kampaniyasının bir hissəsidir. "Düşmənin ölkədə səfərbərliyin hazırlanması ilə bağlı cəfəngiyat yaymaq cəhdləri yalançı təxribatdan başqa bir şey deyil. Bu, seçkilərdən(Rusiyada sentyabrda keçiriləcək parlament seçkisini nəzərdə tutur-red.) əvvəl aparılan təbliğat kampaniyasının bir hissəsidir. Onlar təbii ki, ölkəmizdəki vəziyyəti pozmağa və mənfi əhval-ruhiyyə yaratmağa çalışırlar", - deyə Medvedev bildirib.

Bu arada, qeyd edək ki, artıq bir neçə aydır yeni səfərbərlik barədə həm Rusiya daxilində, həm də Qərb mətbuatında məlumatlar yayılır. Vaşinqtonda yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri də belə bir ssenarinin mümkünlüyünü qeyd edirlər. Həmçinin, Avropa rəsmiləri Rusiyada səfərbərliyi istisna etmirlər.

Eləcə də “Verstka” nəşrinin Kremlə yaxın mənbələrinə görə, Rusiya hakimiyyəti sentyabr ayında Dövlət Duması seçkilərindən sonra hərbi vəziyyət tətbiq edə və səfərbərlik elan edə bilər. Bəzi Z-kanalları hətta mümkün çağırış kampaniyasının miqyasını 1,2 milyon əsgər olaraq qiymətləndirir.

Qərb kəşfiyyatının hesablamalarına görə, 2026-cı ilin ortalarına qədər Rusiya ordusunun ümumi itkiləri ölü və yaralı sayı daxil olmaqla, 1.4 milyona çatıb. Orduya yeni cəlb olunan müqaviləli əsgərlərin sayı isə itkiləri tam kompensasiya edə bilmir.

“AzPolitika.info”