ABŞ və İsrail yaxın günlərdə İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşır.
“AzPolitika” xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadla məlumat yayıb.
"ABŞ və İsrail İranın enerji infrastrukturuna zərbə endirmək üçün indiyə qədər ən böyük kampaniyalardan birini planlaşdırır", - deyə mənbə bildirib.
Məlumatda qeyd edilir ki, zərbələr bu həftə sonu baş verə bilər, lakin son dəqiq vaxt hələ razılaşdırılmayıb və ABŞ Prezidenti Donald Tramp bununla bağlı konkret əmr verməyib. Məlumata görə, hücum zamanı neft emalı zavodları və elektrik stansiyaları hədəf ola bilər.
Bu arada, amerikalı jurnalist Stiv Qruberlə müsahibəsində ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin bitməsi üçün vaxt çərçivəsi göstərə bilməyib: "Bunu etmək həmişə çətindir. Vyetnam müharibəsi 21 il davam etdi, biz (İranla müharibənin) beşinci ayını yaşayırıq və onlar bunun çox uzun olduğunu deyirlər. Bizi 21 il Vyetnamda saxlayan eyni insanlar indi şikayət edirlər. Bu, siyasətdir və dəhşətlidir".
Bu arada “The Wall Street Journal” (WSJ) nəşri öz mənbələrinə istinadla, Donald Trampın artıq İrana yeni hücum barədə əmr verdiyini bildirib. Zərbələr bu həftə sonu başlaya və bir neçə gün davam edə bilər.
ABŞ həmçinin, bu həftəsonu İranın Natanz yaxınlığındakı Kolanq dağının altında yerləşdiyi iddia edilən yeni nüvə obyektinə zərbələr endirməyi nəzərdən keçirir.Bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrə görə, Tramp yaxın ətrafına İranla imzalanmış anlaşma memorandumunun mənasız olduğunu bildirib. Qəzet yazır ki, həmçinin, İran da Vaşinqtona etibar etmir və Trampın hərbi güc təhdidləri diplomatik həll ehtimalını daha da sarsıdır.
Cümə günü Kemp Deviddə keçirilən kabinet iclasında Tramp ABŞ-nin "onlara (İrana) çox sərt zərbə vuracağını" bildirib və əlavə edib ki, İran sonda "artıq təzyiqə tab gətirə bilməyəcəyi bir nöqtəyə çatacaq".
Beləliklə, qonşu İranda yaxın günlərdə vəziyyətin yenidən kritik həddə qədər gərginləşməsi mümkündür. Bu isə bütünlükdə region üçün mənfi tendensiyadır və tərəflər ortaq məxrəcə və real sülh anlaşmasına gəlmiyincə, vəziyyətin dəyişməsi, sabitliyin əldə edilməsi mümkün görünmür.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər